On dini icmaya maliyyə yardımı, beş dini icmaya isə şəhadətnamə təqdim edilib

On dini icmaya maliyyə yardımı, beş dini icmaya isə şəhadətnamə təqdim edilib
13:43 25 Dekabr 2015
17 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 25 dekabr, AZƏRTAC
Dekabrın 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) maliyyə yardımı ayrılmış 10, yeni qeydiyyatdan keçmiş 5 dini icma sədrinin iştirakı ilə toplantı keçirilib.
DQİDK-dan AZƏRTAC-a bildiriblər ki, toplantıda Dövlət Komitəsi sədrinin müavinləri, şöbə müdirləri və dini icmaların rəhbərləri iştirak ediblər.
Komitə sədrinin birinci müavini Səyyad Salahlı çıxış edərək Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı müvafiq Sərəncamın əhəmiyyətindən danışıb. O bildirib ki, maliyyə vəsaitinin ayrılması ilə bağlı icmalar tərəfindən təqdim edilən layihələrin məqsədi yerlərdə dini maarifləndirmə işinin yüksək səviyyəyə çatdırılmasıdır.
İclasda dini icmalara həyata keçirəcəkləri layihələrdə milli mənəvi dəyərlərimizi daha geniş şəkildə ictimaiyyətə çatdırmaq, maarifləndirmə işini yerlərdə təkmilləşdirmək tövsiyə edilib. Eyni zamanda, dini icma sədrlərinə məzhəblərarası qarşıdurmaya sövq edən hərəkətlərin qarşısını almaq, rəhbərlik etdikləri icmaların radikalizmə qarşı ideoloji mübarizə istiqamətində fəaliyyət göstərmək, ümummilli maraqlardan çıxış etmək tövsiyə olunub.
Sonda yeni qeydiyyatdan keçmiş dini icmalara şəhadətnamələr təqdim edilib.
Xatırladaq ki, 2015-ci il ərzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən Prezident İlham Əliyevin 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama uyğun olaraq 87 dini icmaya maliyyə yardımı ayrılıb. Bunlardan 19-u qeyri-islam, 68-i isə İslam dini icmasıdır. Ayrılmış vəsait hesabına dini maarifləndirmə və milli mənəvi dəyərlərimizin təbliği istiqamətində icmalar tərəfindən yerlərdə tədbirlər keçirilir.
Həmçinin il ərzində Dövlət Komitəsi tərəfindən 52 dini icma qeydiyyata alınıb ki, bunlardan 49-u İslam, 3-ü isə qeyri-islam dini icmasıdır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/On_dini_icmaya_maliyye_yardimi_bes_dini_icmaya_ise_sehadetname_teqdim_edilib-914289

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR