“Akkord” TANAP layihəsində uğurla çalışır

17:48 25 Dekabr 2015
11 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 25 dekabr, AZƏRTAC
“Akkord” Korporasiyası Trans-Anadolu qaz boru kəməri – TANAP layihəsi üzrə cəmi bir gün ərzində 1684 metr uzunluğunda boru xəttini yüksək təhlükəsizlik standartlarına tam şəkildə əməl etməklə boru yatağına yerləşdirib.
“Akkord STİK” ASC-nin ictimaiyyətlə əlaqələr xidmətindən AZƏRTAC-a bildirilib ki, “Akkord” Korporasiyasının beynəlxalq əhəmiyyətli TANAP layihəsi üzrə həyata keçirdiyi işlər sürətlə davam edir. Türkiyənin “Yüksel İnşaat A.Ş.” və İtaliyanın “SICIM S.p.A” şirkətləri ilə birgə bu önəmli layihəyə qoşulmaqla özünün fəaliyyət spektrini əhəmiyyətli dərəcədə genişləndirən “Akkord” gördüyü işlərlə əksər dünya ölkələrinin diqqət mərkəzində olan bu nəhəng layihədə iştirakının təsadüfi olmadığını hər gün daha inamla sübut edir. Bütün qrafik üzrə işləri vaxtlı-vaxtında və yüksək keyfiyyətlə yerinə yetirən “Akkord” bu gün, olduqca əlverişsiz hava şərtlərinə rəğmən inşaat ərazisində icra etdiyi mükəmməl əməliyyatla daha bir uğura imza atıb. Cəmi bir gün ərzində 1684 metr uzunluğunda boru xəttini yüksək təhlükəsizlik standartlarına tam şəkildə əməl etməklə boru yatağına yerləşdirməyi bacaran “Akkord” inşaat komandası bu yaxınlarda TANAP layihəsinin vaxtından əvvəl yerinə yetirilməsinin önəmini ifadə edən Azərbaycan və Türkiyə hökumət nümayəndələrinin bu işi yerinə yetirən şirkətlərin əzminə bəslədikləri ümidin əsassız olmadığını sübut edib. Bu əməliyyatla “Akkord” həm də üzərinə götürdüyü hər bir işin və vəzifənin öhdəsindən gəlməkdə nə qədər qərarlı və prinsipial olduğunu nümayiş etdirib.
Xatırladaq ki, 2014-cü il dekabrın 23-də imzalanan müqaviləyə əsasən, rəsmi şəkildə “Şahdəniz-2” layihəsi çərçivəsində çıxarılacaq təbii qazın Türkiyə üzərindən Avropaya nəqlini həyata keçirəcək beynəlxalq əhəmiyyətli TANAP layihəsinə qoşulan “Sicim-Yüksel-Akkord” ortaqlığı layihə üzrə Gürcüstan sərhədindən Əskişəhərə qədər olan 1337 kilometrlik boru xəttinin 450 kilometrlik hissəsinin (Ərzurum-Askala-Sivas-Yıldızeli) tikintisini həyata keçirir.
Xəttin tikintisi zamanı 56 düyümlük, divar qalınlığı 19.45 millimetrdən 28.01 millimetrədək olan borulardan istifadə edilir. Layihə üzrə “Akkord” Korporasiyasının tikintisinə qoşulduğu 450 kilometrlik hissədə ümumilikdə, 1384 keçidin, o cümlədən 15-i böyük olmaqla 422 ədəd çay keçidinin, 14 ədəd əsas yol və dəmiryol keçidi, 14 blok sürgü stansiyası, 1 ədəd boru təmizləmə qurğusu və bir ədəd zəlzələ keçidinin inşası həyata keçiriləcək. Xətt üzrə 87 hidrostatik sınaq bölməsi olacaq.
TANAP-ın layihə dəyəri 10-11 milyard dollar həcmindədir. İlkin mərhələdə illik 16 milyard kubmetrlik ixrac tutumuna malik olacaq boru xəttinin mərhələli olaraq 24 milyard kubmetrə, daha sonra isə 31 milyard kubmetrə qədər genişləndirilməsi üçün imkanlar nəzərdə tutulub. “Trans-Adriatik” (TAP) boru kəməri layihəsinin tamamlanmasından sonra, təqribən 2020-ci ildə təbii qazın Avropaya çatdırılması planlaşdırılır.
“Cənub” qaz dəhlizinin ən uzun hissəsini təşkil edən TANAP Cənubi Qafqaz Boru Kəmərindən alacağı təbii qazı 2020-ci ilin əvvəlindən etibarən TAP boru kəmərinə qoşularaq Yunanıstan, Albaniya və İtaliyadan keçməklə Avropaya çatdıracaq.
TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: “Cənub” qaz dəhlizi” Qapalı Səhmdar Cəmiyyəti (QSC) - 58 faiz, “Botaş” - 30 faiz və bp şirkəti - 12 faiz.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Akkord_TANAP_layihesinde_ugurla_chalisir-914432

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR