[ 10 Fevral 2015 12:07 ]



Bakı. Mübariz Aslanov - APA. Azərbaycanda vətəndaşların rəsmi qurumlara müraciət qaydaları dəyişdirilir, yeni müraciət formaları rəsmiləşdirilir. APA-nın xəbərinə görə, Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında Azərbaycan prezidenti tərəfindən təqdim olunmuş yeni “Vətəndaşların müraciətləri haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.


Layihə barədə məlumat verən komitə sədri Rəbiyyət Aslanova bildirib ki, yeni qanun layihəsi 1997-ci ildə qəbul olunmuş “Vətəndaşların müraciət qaydaları haqqında” qanunun tamamilə yenidən işlənmiş, dəyişdirilmiş formasıdır.


Bildirilib ki, 18 il əvvəl qəbul olunmuş və hazırda qüvvədə olan qanuna görə, vətəndaşların araşdırılması rəsmi tələb olunan 3 rəsmi müraciət – təklif, ərizə və şikayət forması vardısa, yeni qanunla bu, artırılaraq 10 müraciət formasına çatdırılır. Bura hazırda qüvvədə olan 3 müraciət formasından başqa elektron, şifahi, telefon, anonim, kollektiv müraciətlərlə yanaşı, teleradio vasitəsilə edilən müraciətlər də daxildir.

Qanun qüvvəyə mindikdən sonra bütün aidiyyəti qurumlar sadalanan müraciətlərin cavablandırılması üçün məsuliyyət daşıyacaqlar. Bundan başqa, qanunda vətəndaşların müraciətlərinin araşdırılması, cavablandırılması müddəti, prinsipləri və xüsusiyyətləri də tamamilə yeni formada əks olunub. Qanunun tələblərinin pozulmasının Cinayət və İnzibati Xətalar məcəllələri ilə məsuliyyət yaratdığı qanunda göstərilib.


Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.