Bu il “Azneft” İB-də 29,5 min ton əlavə neft əldə edilib

Bu il “Azneft” İB-də 29,5 min ton əlavə neft əldə edilib
16:48 30 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 30 dekabr, AZƏRTAC
Bu il “Azneft” İstehsalat Birliyi (İB) üzrə 405 obyektdə yeni texnika və texnologiya tətbiq olunub ki, bunun nəticəsində də 29,5 min ton əlavə neft əldə edilib.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, şirkətin mühüm struktur vahidlərindən olan “Azneft” İB hasilat prosesində, tikinti-quraşdırma işlərində, yataqların işlənilməsində mütərəqqi yeniliklərin tətbiqinə önəm verir, yeni texnika, texnologiya və avadanlıqlar öz müsbət təsirini göstərir. Cari il ərzində də bu istiqamətdə bir çox tədbirlər həyata keçirilib. Qazmadan çıxan quyularda laylardan gələn mexaniki qarışıqların, eləcə də qum təzahürünün qarşısının alınması məqsədilə məftilli süzgəclər tətbiq edilir ki, nəticədə quyunun uzunmüddətli istismarı təmin olunur. İstehsalatda tətbiqi genişləndirilən iki pakerli qoruyucular isə uzun müddət istismarda olan və korroziyaya uğramış kəmərləri bərpa edir, sızmaların qarşısını alır.
Bundan başqa, dənizdə ləğv olunmuş quyuların gövdələrinin dənizin dibindən kəsilərək quyu ağzının hermetik və etibarlı bağlanması işi həyata keçirilir. Bu üsulla həm fəaliyyəti dayandırılmış quyular ekoloji cəhətdən etibarlı ləğv edilir, həm də dəniz akvatoriyası təmizlənir. Yeni nəsil “Qazodinamik” seperator qurğusunun tətbiqi hasil olunmuş qazın tərkibindəki mayenin qazdan ayrılmasını təmin edir. Bütün bunlarla yanaşı bu il “Azneft” üzrə 405 obyektdə yeni texnika və texnologiya tətbiq olunub. Nəticədə isə 29,5 min ton əlavə neft əldə edilib. Bu rəqəm ötən ilin göstəricisindən 7,1 min ton artıqdır.
Səmərəliliyin artırılmasına xidmət edən yeni texnika və texnologiyaların tətbiqi İB-də bundan sonra da davam etdiriləcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bu_il_Azneft_IB_de_295_min_ton_elave_neft_elde_edilib-915594

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR