Bakı, 10 fevral, AzərTAc
Azərbaycan Bəstəkarlar İttifaqında “Muğam aləmi” IV Beynəlxalq Muğam Festivalı ərəfəsində festival çəriçəvində reallaşacaq elmi simpoziuma hazırlıq məqsədilə keçirilən konfrans fevralın 10-da başa çatıb.
AzərTAc xəbər verir ki, “Muğam/maqam və müasir musiqi yaradıcılığı” mövzusuna həsr edilən konfransda muğam sənəti: ənənə və yeni yozumlar, muğam müasir bəstəkarların yaradıcılığında, muğam dəstgahlarının notlaşdırılması problemi, müxtəlif musiqişünaslıq məktəblərində muğam terminologiyası problemləri müzakirə edilib.
ABİ-nin sədri, xalq artisti, professor Firəngiz Əlizadə bildirib ki, iki gündür davam edən konfransda bütün məruzələr dinlənildikdən sonra təşkilat komitəsi tərəfindən simpoziuma təqdim ediləcək məruzələr seçiləcək. Qeyd edib ki, məruzələr mövzuya uyğunluq, elmi dəyər parametrlərindən qiymətləndirilərək qərar veriləcək.
Konfransda iki gün ərzində AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında, Azərbaycan Milli Konservatoriyasında, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində çalışan respublikanın görkəmli musiqişünas-alimləri və eləcə də gənc mütəxəssisləri öz məruzələrini təqdim ediblər.
Məruzələr “Azərbaycan mədəniyyətinin vizit kartı. Muğam ifaçılığında ənənə və novatorluq”, “Müasir Azərbaycan muğam sənətinin təbliğində Televiziya Muğam müsabiqəsinin rolu”, “Muğamın tarixi irsinə bir nəzər” və digər mövzuları əhatə edib.
Qeyd olunub ki, yerli mütəxəssislərlə yanaşı, xarici mütəxəssislərin də məruzələri təqdim olunub və bu məruzələr təşkilat komitəsi tərəfindən nəzərdən keçiriləcək, nəticələr yaxın günlərdə elan ediləcək.