İnstitut direktorundan ibrətamiz ümid hekayəsi

İnstitut direktorundan ibrətamiz ümid hekayəsi
16:12 1 Yanvar 2016
59 Digər
Ölkə mətbuatı
A- A+

"Mən inanıram ki, biz 2016-cı ildə də qarşımıza çıxan bütün çətinliklərin öhdəsindən gələcəyik və hər şey yaxşı olacaq. Təki dünyada müharibələr olmasın, insanlar dinc yaşasınlar, hərə öz işi ilə məşğul ola bilsin. Ən əsası isə, mən növbəti ildə Qarabağ məsələsinin həll olunmasını gözləyirəm. Bizim ən ağrılı problemimiz budur. Heç bir digər problem bununla müqayisə oluna bilməz. Cəmiyyətimiz artıq neçə illərdir ki, əsas problem kimi məhz bunu görür və həllini gözləyir. Bunun üçün isə hər birimiz öz töhfəmizi verməli, kim nəyi bacarırsa, dövlətimizə, prezidentimizə kömək etməli, Vətənimiz naminə çalışmalıyıq. Yəni təkcə sözdə yox, əməldə həmrəy olmalı, yumruğu bir nöqtəyə vurmalıyıq. Ölkəmiz güclü olmalıdır. Düşmənlərimiz nə istəyir? Onlar da istəyir ki, Azərbaycan cəmiyyəti zəif olsun, bədbinləşsin, heç nəyə inanmasın, burada ara qarışsın. Amma buna qətiyyən yol vermək olmaz!"

Bunu Milli.Az-a açqlamasında filologiya elmləri doktoru, professor, AMEA-nın Akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin sabiq üzvü Gövhər Baxşəliyeva deyib. 

İnstitutunun direktoru insanlara heç vaxt sosial problemlərə, çətinliklərə yenilməməyin yolunu vaxtilə yaradıcılığını tədqiq etdiyi dünyada tanınmış Suriyalı ərəb yazıçısı Əbdusslam əl-Uceylidən sitat gətirməklə göstərib:
 
"Onun həyatdakı şüarı belə olub: "Həyatda həmişə fəal mövqe tutun, mübarizə aparın. Əgər sizə qarşı duran qüvvələr sizə qalib gəlsələr belə, qoy onlar aciz qorxağa yox, mübariz, mətin döyüşçüyə qalib gəlsinlər". Mənə də kimsə bədbinliyə qapılan şəxs müraciət edəndə, fikirlərini bölüşəndə həmişə bu sözləri ona da deyirəm. Həyatda həmişə fəal mövqe tutmaq, gələcəyə ümidlə baxmaq lazımdır. İnsan gərək ümidsiz yaşamasın". 

G.Baxşəliyeva çətinliklər qarşısında ümidsizliyə qapılanlara maraqlı bir həyat hekayəsini də nümunə göstərib:

"Bizim İnstitutda Sovet dövründə Məhəmmədi soyadlı bir kişi işçi vardı. O, 1946-cı ildə İrandan qaçıb Azərbaycana gəlmişdi. O, İrandakı azərbaycanlıların demokratik qüvvələrinin mübariz üzvlərindən idi. Amma həyat yoldaşı və uşaqları İranda qalmışdı. Ömür boyu da yenidən İrana qayıtmağı arzulayırdı və buna inanırdı. O, hər dəfə "yenidən İrana, ailəmin yanına qayıdacağam" deyəndə, bizim əməkdaşlarımız deyirdilər ki, yoldaşın yəqin çoxdan başqasına ərə gedib. Axı o vaxt indiki əlaqələr və rabitə də yox idi ki, bunu dəqiqləşdirmək olsun. O isə hər dəfə israrla deyirdi: "Yox ki, yox! İnsan ümidlə yaşayır. Mən inanıram ki, 1946-cı ildə onu necə qoyub gəlmişəmsə, bu illər ərzində o eləcə qalıb məni gözləyir". Yəni ki, bəlkə də o insan özünü aldadırdı, amma ümidlə yaşayırdı. Ona görə də insan gərək heç vaxt ümidini itirməsin. İnşəAllah hər şey yaxşı olacaq. Mən inanıram ki, qarşıya çıxan problemlər öz həllini tapacaq. Mən ümidsizliyə qapılmağın tərəfdarı deyiləm". 

İlkin İzzət
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/394632.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR