2015-ci il "Qəbələ" idman klubundan ötrü xüsusilə əlamətdar oldu

2015-ci il "Qəbələ" idman klubundan ötrü xüsusilə əlamətdar oldu
11:32 2 Yanvar 2016
16 İdman
Ölkə mətbuatı
A- A+

2015-ci il "Qəbələ" idman klubundan (İK) ötrü xüsusilə əlamətdar oldu. Belə ki, "Qəbələ" futbol klubu dövrünün ən parlaq, yaddaqalan uğurunu məhz bu mövsümdə qazandı. Tarixində ikinci dəfə Avropa Liqasında mübarizə aparan "Qəbələ" ilk təsnifat mərhələsindən başlayaraq yarışın qrup mərhələsinədək irəlilədi. Bununla da "qırmızı-qaralar" Azərbaycan futbolu tarixinə ardıcıl 4 mərhələ adlayan ilk klub kimi daxil oldu.

''Virtualaz.org'' saytı klubun yubiley ilinin olmasını nəzərə alaraq "Qəbələ" İK rəhbərliyindən müsahibə alıb. Saytın yazılı suallarını İK mətbuat xidməti müvafiq qaydada cavablandırıb. Müsahibədə Cavid Hüseynov məsələsinə də münasibət bildirilib.

"Yəqin ki, klubun uğurları ilə eyni zamanda, "Cavid Hüseynov olayı" da diqqət mərkəzində olub" sualına klubun cavabı belə olub:

- Nizam-intizam və mənəvi tərbiyə işi "Qəbələ" futbol klubunun təşkilindən etibarən ən vacib fəaliyyət sahələrindən biri olub, indi də belədir, gələcəkdə də belə olacaq. Bu sahədə əldə edilən uğurların nəticəsi idi ki, "Qəbələ" həmişə nəinki futbol, eləcə də respublika idman aləmində yüksək nizam-intizamı ilə fərqlənib. 2015-ci il futbol mövsümündə "Qəbələ"nin Avropa Liqasındakı uğurları nəticəsində onun dünya futboluna inteqrasiyası bu sahəyə məsuliyyətli münasibəti daha da artırıb. Futbolçular həm ölkənin, həm də dünyanın tanınmış yaşıl meydançalarında klubla eyni zamanda, Azərbaycanı layiqincə təmsil etməyə çalışıb, bununla da azarkeşlərin rəğbətini qazanmağa nail olublar. "Qəbələ" qısa bir dövr ərzində regional komanda olmaqdan çıxaraq ümumazərbaycan klubuna çevrilə bilib.

Bununla yanaşı, dünya futbol aləmi üçün səciyyəvi olan bəzi mənfi tendensiyalar, xüsusilə tanınmış futbolçuların adlarının qalmaqallarda hallanması burada da özünü göstərdi. Komandanın liderlərindən olan Cavid Hüseynovun istər futbol meydanındakı, istərsə də ondan kənardakı emosional addımları belə qalmaqallarla müşayiət olundu. Rəqib komandaların və onların azarkeşlərinin təhrikçi hərəkətləri də burada həlledici rol oynadı. 2015-ci il iyulun 31-də Kiprin Larnaka şəhərinin "Antonis Papadopulos" stadionunda yerli "Apollon" klubu ilə keçirilən oyun ərzində meydançaya saysız-hesabsız yad əşyalar atan kiprli tərəfdarlar Azərbaycan bayrağını təhqir etdilər. Onlar yalnız "Qəbələ" rəsmilərinin lazımi məqamda müdaxiləsi nəticəsində Azərbaycan bayrağını yandırmaqdan çəkindilər. Buna baxmayaraq parçalanmış Azərbaycan bayrağı matç başa çatanadək kiprlilərin açıq-aşkar təhqirinə məruz qaldı. Hətta baş hakim təzyiq və təhqirlər nəticəsində "Qəbələ"yə ola biləcək hücumların qarşısını almaq üçün oyuna 15 dəqiqəlik fasilə verməyə məcbur oldu.

Təbii ki, bu cür gərgin ab-havada oynamaq və eyni zamanda əsəblərini cilovlamaq futbolçular üçün heç də asan deyildi. Cavid Hüseynovun son dəqiqələrdə penaltidən bərabərlik qolunu vurduqdan sonra əl hərəkəti ilə etdiyi jest də bunun nəticəsi idi. "Apollon" klubunun rəsmiləri bunu bildikləri halda UEFA-ya şikayət etdilər. Məsələni araşdıran, həmçinin "Qəbələ"nin kapitanı ilə bağlı müdafiə məktubunu dəyərləndirən qitənin ali futbol qurumu kiprlilərin iddialarını əsassız saydı. UEFA oyunda baş verənləri təfərrüatı ilə nəzərdən keçirdikdən sonra Cavid Hüseynova heç bir cəza vermədi.

Bununla belə mənəvi-əxlaqi dəyərlərə həmişə önəm verən klub futbolçu ilə söhbət apararaq onu ciddi tənbeh etdi. Mətbuata verdiyi açıqlamada etdiyi hərəkətin motivini aydınlaşdıran Cavid Hüseynov buna baxmayaraq bu hərəkətdən peşman olduğunu bildirdi və Azərbaycan xalqından üzr istədi.

Cavid Hüseynovun adının fotojurnalist Rasim Əliyevin qətli ilə əlaqələndirilməsi isə bütün ciddiyyəti ilə qarşılandı. "Qəbələ" futbol klubu bu oyunçunun Avropa Liqası kimi məşhur bir turnirdə komanda üçün nə qədər böyük əhəmiyyətə malik olmasına baxmayaraq öz dəyərlərinə sadiq qaldı və hüquq-mühafizə orqanları tərəfindən həbsdən əvvəl onu komandadan uzaqlaşdırdı. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bəzi qüvvələr faktı hüquqi müstəvidə dəyərləndirmək əvəzinə onu siyasiləşdirdi. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev isə haqlı olaraq bu məsələni öz nəzarətinə götürdü. "Qəbələ" klubu belə bir qərar aldığına görə Azərbaycan prezidentinə dərin minnətdarlığını bildirir. Klub məsələnin ədalətli, obyektiv və şəffaf şəkildə araşdırılacağına və mərhum Rasim Əliyevin valideynlərinin dərdinə şərik olaraq bütün günahkarların cəzalarını alacağına inanır. Bu, ölkəmizin və idmanımızın imici üçün də çox vacibdir.

Sonda bir daha bildirmək istərdik ki, "Qəbələ" klubu onun fəaliyyət prinsipləri ilə heç bir vəchlə bir araya sığmayan bu faktdan ciddi nəticələr çıxarıb, istər ölkə birinciliyində, istərsə də Avropa Liqasında keçirilən sonrakı oyunlar zamanı klubda nizam-intizam və mənəvi tərbiyə məslələrinə daha həssas yanaşıb, təxirəsalınmaz tədbirlər planı həyata keçirilib. Bütün bunlar göstərir ki, "Qəbələ" İK idman prinsiplərinə böyük önəm verir və Azərbaycan idmanının nüfuzunun bütün sahələrdə möhkəmləndirilməsi üçün var qüvvəsi ilə çalışacaqdır.


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/394728.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR