Ağcabədidə Milli Qəhrəman Etibar İsmayılovun xatirəsi anılıb

Ağcabədidə Milli Qəhrəman Etibar İsmayılovun xatirəsi anılıb
23:23 4 Yanvar 2016
24 Digər
Ölkə mətbuatı
A- A+


Ağcabədi, 4 yanvar, AZƏRTAC 
Azərbaycanın Milli Qəhrəmanı Etibar İsmayılovun xatirəsi Ağcabədi rayonunda onun adını daşıyan Hindarx qəsəbə tam orta məktəbində anılıb.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Milli Qəhrəmanın büstü önünə tər çiçəklər düzərək xatirəsini yad ediblər. Daha sonra keçirilən mərasimdə E. İsmayılovun ailə üzvləri, müəllimləri və döyüş dostları çıxış edərək onun mənalı həyat və qəhrəmanlıqla dolu döyüş yolundan danışıblar. Bildirilib ki, 1964-cü il martın 29-da Ağcabədi rayonunun Hindarx kəndində anadan olan Etibar Bəylər oğlu İsmayılov 1990-cı ildə könüllü olaraq müdafiə batalyonlarından birinə yazılaraq Vətənimizin müdafiəsində iştirak edib, bir sıra döyüşlərdə igidlik göstərib. 1994-cü il yanvarın 4-də Xocavənd rayonunun Nərgiztəpə və Ceyil yüksəkliyi istiqamətindəki əməliyyat onun son döyüşü olub. Mühasirəyə düşən dostlarını xilas etmək üçün əlindəki sonuncu qumbaranı sinəsinə sıxaraq özünü düşmən tankının altına atıb və onu məhv edib.
Azərbaycan Respublikası Prezidentinin 1994-cü il 5 yanvar tarixli Fərmanı ilə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Bu gün təhsil aldığı Hindarx qəsəbə tam orta məktəbi onun adını daşıyır.
Tədbirdə məktəblilərin ifasında kompozisiya təqdim edilib.
Həmin gün Ağcabədi şəhərindəki Qarabağ Muğam Mərkəzində Etibar İsmayılova həsr edilmiş “Vətənə etibarlı oğul” və “Vətən mənə oğul desə” filmləri nümayiş etdirilib. Rayon ictimaiyyətinin nümayəndələri, “N” saylı hərbi hissənin əsgərləri və zabitləri, ümumtəhsil məktəblərinin müəllim və şagirdləri Milli Qəhrəmandan bəhs edən filmləri maraqla izləyiblər.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Agcabedide_Milli_Qehreman_Etibar_Ismayilovun_xatiresi_anilib-916065

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR