Xalq artisti "Azdrama"da dava saldı - TƏFƏRRÜAT

Xalq artisti "Azdrama"da dava saldı - TƏFƏRRÜAT
16:27 30 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

Dünən Akademik Milli Dram Teatrında aktyorlarla direktor İsrafil İsrafilov arasında qalmaqal yaşanıb
Milli.Az xəbər verir ki, aznews.az-a daxil olan məlumata görə, qalmaqal İ.İsrafilovun ilin yekunlarına dair keçirdiyi iclasda baş verib.

Belə ki, aktyorların bəziləri aktyorlarla iş prinsipinin direktor tərəfindən düzgün qurulmadığını, onlara qarşı hörmətsizlik edildiyini bildiriblər. Direktor bu iradların heç birini qəbul etmədiyini bildirdikdə isə tərəflər arasında mübahisə düşüb. Direktora ən kəskin reaksiyanı teatrın aktyoru, xalq artisti İlham Əsgərov verib. Məlumata görə, İlham Əsgərov 5-6 aktyorun köməkliyi ilə sakitləşdirilib.

Məsələ ilə bağlı AzNews.az-a danışan xalq artisti İlham Əsgərov deyilənləri təsdiqləyib: “İl ərzində iclas olmamışdı. Hər kəsi ayrı-ayrı çağırıb danışırdı. Biz də dedik ki, belə olmaz axı. Hamı bir yerdə olsun, dərdimizi deyək. İclasda aktyorlar narazılığını bildirdilər. Biz dedik ki, 2015-ci ildə teatrda ciddi dəyişikliklər olsun, aktyorlara diqqət edilsin. Sözümüzü, dərdimizi dedik, ara qarışdı. Şərait belə gətirdi ki, hamı sözünü dedi. Gözləyirik ki, görək nə olacaq? O, teatrı idarə edə, baş çıxara bilmir. Çox insanlar var ki, bir-birini satırlar, satqın çıxırlar. Belə teatr olmaz ki. Kim harada nə istəyir, deyir. Mənsə birbaşa, camaatın içində deyirəm. Bu, bütün teatrın dərdidir”.

İ.Əsgərov əlavə edib ki, ən böyük bəla dərnək səviyyəsində olan aktyorların teatrda tamaşa hazırlamasıdır: “Elə adamlar gətirib ki, nə rejissorluqdan xəbəri var, nə də başqa şeydən. Öz aktyorlarımızı qoyub başqa yerdən aktyor gətirir. Tamaşalarımızı da görürsünüz, hansı səviyyədədir? Sonuncu tamaşa “Nadir Şah” idi. O nə idi? Hamı baxıb dəhşətə gəlir. Özləri tərifləyir, özləri də baxırlar. Tamaşa hazır olmadan təqdimatını verirlər. Qoymurlar ki, aktyor heyəti baxıb sözünü desin. Bu nə vaxta kimi belə olacaq? Akademik Milli Dram Teatrının tamaşalarının əksəriyyəti çox zəifdir. Dərdimiz böyükdür. Hər ildə 4-6 tamaşa hazırlayardıq. Bu gün teatrda tamaşa hazırlayan rejissorları heç kim tanımır. Dərnək səviyyəsindən də aşağı rejissor tamaşa qurur. Belə olmaz axı? Biz dərdimizi dedik. Direktor isə bir söz demədi, pərt halda oturdu”.

Teatrın direktoru İsrafil İsrafilov isə AzNews.az-a baş verənlərin dava yox, adi fikir mübadiləsi olduğunu bildirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/316749.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR