Mərkəzi Bank yeni "Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması Qaydaları"nı qəbul edib

Mərkəzi Bank yeni "Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması Qaydaları"nı qəbul edib
12:33 7 Yanvar 2016
60 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 7 yanvar, AZƏRTAC
Azərbaycan Mərkəzi Bankı (AMB) nağd xarici valyuta əməliyyat qaydalarına dəyişiklik edib.
AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, bununla bağlı Mərkəzi Bankın İdarə Heyəti 28 iyun 2006-cı il tarixli qərarı ilə təsdiq olunmuş "Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması Qaydaları"nı ləğv edib, yeni "Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması Qaydaları"nı qəbul edib. Yeni qaydalara əsasən, mübadilə şöbəsində bir müştəriyə 500 ABŞ dollarına ekvivalent məbləğdən artıq mübadilə əməliyyatı şəxsiyyəti təsdiq edən sənəd əsasında aparılmalıdır. Həmçinin bank çıxarışında fiziki şəxsin soyadı, adı, atasının adı və şəxsiyyəti təsdiq edən sənədin adı, seriya və nömrəsi, verilmə tarixi, təqdim edən dövlət orqanının adı əksini tapmalıdır. Mübadilə şöbəsi əməliyyatları apararkən "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş tələblərə riayət edilməlidir.
Əməliyyat günü ərzində məzənnələr bankın əmri ilə dəyişdirilə bilər. Nağd xarici valyutanın alış və satış məzənnələri banklar tərəfindən müstəqil şəkildə təyin edilir. Məzənnələr bankın xüsusi əmri ilə təsdiqlənir və şöbələr üzrə fərqli ola bilər. Əmrdə şöbənin nömrəsi, ünvanı, məzənnələr və məzənnənin müəyyən edilməsinin tarixi və vaxtı əks etdirilir. Tədavülə yararlı olan nağd xarici valyutanın məbləğinə, buraxılış ilinə, keyfiyyətinə və fiziki xassələrinə görə fərqli məzənnələr təyin edilə bilməz.
Mərkəzi Bank xarici valyutanın satış məzənnəsinin alış məzənnəsindən kənarlaşma həddini müəyyən etdikdə mübadilə məzənnələrinin təyin edilməsi zamanı həmin həddə riayət olunmalıdır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Merkezi_Bank_yeni__quotMubadile_sobelerinin_teskili_ve_mubadile_emeliyyatlarinin_aparilmasi_Qaydalari_quotni_qebul_edib-916622

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR