Bakı, 7 yanvar, AZƏRTAC
Çinin Şensi əyalətində mədənin çökməsi nəticəsində orada qalan 11 şaxtaçının həyatını xilas etmək mümkün olmayıb. Bu barədə yerli KİV-lər məlumat yayıb.
AZƏRTAC Vesti.ru saytına istinadla xəbər verir ki, yanvarın 6-da Şenmu rayonunda yerləşən kömür şaxtasında süxurların çökməsi nəticəsində 49 şaxtaçı torpaq altında qalıb. Onlardan 38-i bir neçə saat sonra xilas edilib. Digər şaxtaçıların çökmüş mədəndən çıxarılması cəhdləri nəticəsiz qalıb.
Bir qədər əvvəl şaxtaya enən xilasedicilərin həlak olan 3 nəfərin cəsədini aşkarladığı bildirilib. Axtarış-xilasetmə əməliyyatları davam edir. Şaxtada toplanan müxtəlif qazların yüksək konsentrasiyası xilasedicilərin işini çətinləşdirir.