Azərbaycanda "yol terroru" - ölənlərin sayı yüzlərlədir

Azərbaycanda "yol terroru" - ölənlərin sayı yüzlərlədir
11:57 13 Yanvar 2016
40 Digər
Ölkə mətbuatı
A- A+

2015-ci ildə Azərbaycanın avtomobil yollarında 2220 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Qəzalar nəticəsində 894 nəfər ölüb, 2265 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bu barədə Milli.Az-a Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev məlumat verib.

K.Əliyev qeyd edib ki, 2014-cü illə müqayisədə 415 hadisə, 230 ölüm faktı, 411 xəsarət alma faktı azalıb.

Onun sözlərinə görə, ötən il ölkədə baş verən yol qəzalarının təxminən 1/3-i paytaxtın payına düşüb: "Bakı şəhərində 797 yol qəzası qeydə alınıb. Nəticədə 229 nəfər ölüb, 850 nəfər xəsarət alıb. 2014-cü illə müqayisədə baş verən hadisələrin sayı 104 fakt, ölüm 84, xəsarət almalar isə 44 fakt azalıb".

Şöbə rəisi bildirib, qəzaların çoxu piyadaların vurulması ilə bağlı olub: "Piyadavurmalar ümumi hadisələrin 41,5 %-ni təşkil edib. Belə ki, 923 piyadavurma hadisəsi nəticəsində 333 nəfər ölüb, 673 nəfər isə xəsarət alıb".

BDYPİ sözçüsü həmçinin deyib ki, qəzaların çoxu sürücülər tərəfindən sürət həddinin aşılması, eləcə də ötmə və qarşı hərəkət zolağına çıxma əməliyyatı zamanı qaydaların pozulması nəticəsində törədilib: "Belə ki, sürət həddinin aşılması səbəbindən 609 yol qəzası baş verib. Nəticədə 290 nəfər ölüb, 496 nəfər xəsarət alıb. Ötmə və manevretmə qaydalarının pozulması nəticəsində isə 821 yol qəzası baş verib, nəticədə 325 nəfər dünyasını dəyişib, 943 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb".

İlkin İzzət
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/397459.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR