Dekabr ayında “Elektron hökumət” portalının “Fikir bankı”na iki təklif göndərilib.
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, təkliflərdən biri “Fikir bankı”nın özü ilə bağlı olub.
Belə ki, portal istifadəçisi Rəşad Abışov verilmiş təkliflərin vəziyyəti barədə axtarış imkanının yaradılmasını təklif edib.
Onun fikrincə, ad və soyad və ya FİN üzrə axtarış verərək təklifin vəziyyəti barədə məlumat almaq faydalı olardı.
İkinci təklif isə Ədliyyə Nazirliyi ilə bağlıdır. Elmir Nəcəfov adlı vətəndaş “Elektron hökumət” portalında ölkədən çıxışa qadağanın qoyulub-qoyulmadığını öyrənməyin məqsədəuyğun olduğunu qeyd edib və belə bir təkliflə çıxış edib.
Məlumat üçün bildirək ki, istənilən şəxs portalın “Fikir bankı”na daxil olub, orada “Elektron hökumət”lə bağlı mümkün ola biləcək istənilən məsələni təklif kimi qeyd edə bilər. Vətəndaşın verdiyi ideya və təklif saytın idarəçiləri tərəfindən təsdiqlənir. Təsdiqlənmə prosesi başa çatdıqdan sonra təklif saytda yerləşir.
Qeyd edək ki, “Fikir bankı”na indiyədək 213 təklif ünvanlanıb, 133-ü qəbul edilib, 79-u ləğv olunub, 1-i isə gözləmədədir.
CAHANGİR