İxlas dediyin xalis olmaqdır, qarışıqsız, riyasız

İxlas dediyin xalis olmaqdır, qarışıqsız, riyasız
23:52 14 Yanvar 2016
31 Digər
Ölkə mətbuatı
A- A+

İnsan var ki, qıldığı namaz elə alnını yerə qoyduğu səcdəgahı qədərdir; insan da var, qıldığı namaz səcdəgahından uzanır, cənnətin üzərindən keçərək bir anda Haqqın dərgahına qovuşur. 

"Namaz möminin meracıdır" buyurur sultanımız sevimli Peyğəmbərimiz ( s.ə.s.). Yəni doğru-düzgün, hüşu ilə, Quranın buyurduğu kimi qılınan namaz insanı bir andaca Haqqın hüzuruna yüksəldər. Allah qarşısında əyilmək yüksəlməkdir. Allah qarşısında əyilməyi qəbul etməyənlər bəndə qarşısında sürüm-sürüm sürünərlər. Allah qarşısında təkcə bədən əyilmir, ruh əyilir, ağıl əyilir, iradə əyilir, duyğular, düşüncə əyilir, nəfs əyilir, səndə olan nə varsa hamısı əyilir. O əyilmək dəyər qazanmaqdır, şərəf sahibi olmaqdır.

Namaza başlayanda əlləri qulaq diblərinə qədər qaldırıb, "Allahu Əkbər" deyərlər. Təsəvvüf alimləri "iftitah təkbiri" adlanan bu başlanğıcı belə yozurlar ki, əllərini qulağın dibinə qədər qaldıraraq, "Allahu Əkbər" söyləmək "Kəbə ilə aramda (bunu Allahla aramda kimi də başa düşmək olar) olan bütün əngəlləri, maneələri arxama atdım" deməkdir.

İnsan var, duası çırtladığı tum qabığı kimi ağzından çıxıb ayağının ucuna düşür; insan da var, dodaqlarından qopan dua bir andaca Haqqın qapısına dayanır. Allah-Təala Öz bəndələrinə təqvasına görə dəyər verir. İxlas- ruhunu Allaha təslim etməkdir, ixlas-diri ikən, həyatda ikən Allaha qovuşmaq təşnəsidir, təmənnasıdır.

Əsrin böyük alimi saleh əməl haqqında çox önəmli bir tərif söyləyir:

"İmana aid bilgilərdən sonra insana ən gərəkli və ən mühüm olan şey saleh əməllərdir. Saleh əməl isə Allah-Təalanın qullarının maddi-mənəvi hüquqlarına təcavüz etməməklə yanaşı, Allah-Təalanın (c.c.) haqqına, əmanətlərinə qüsursuz riayət etməkdən ibarətdir".

Göründüyü kimi, insanların maddi və mənəvi hüquqlarına hörmət etmək, başqalarının haqqını tapdamamağa səy göstərmək saleh əməllər çərçivəsinə daxil edilir. İlk baxışdan bu davranışın, bu həssaslığın daha çox təqva kateqoriyasına aid olduğu düşünülsə də, təqva ilə saleh əməl arasında güclü bir bağlantı olduğunu nəzərə alsaq, eyni anlayışın hər ikisi üçün də keçərli olduğu anlaşılır. İnsanların maddi və mənəvi hüquqlarını tapdamadan yaşanan bir ömür saleh ömürdür.

Yalan söyləməmək təqvadır, Allah qorxusudur, haramdan, günahdan uzaq durmaqdır; doğrunu söyləmək isə saleh əməldir. İbadət etməməyi böyük bir günah hesab etmək təqvadır; ibadət etmək isə saleh əməldir.

İnsanlar Allahın (c.c.) qullarıdır. Allah-Təala (c.c.) bir bəndəsinin digər bəndələrinin haqqını tapdamasına heç razı olmaz. Bir kafirə belə zülm edilməsinə Rəbbimiz razı deyil. O halda Haqqın qullarını incitməmək, onların qeybətini etməmək, onlara iftira etməmək, həsəd aparmamaq, canlarına, mallarına qıymamaq Allah-Təalanın məmnun olduğu əməllər və hallardır, həm də saleh əməllər sırasına daxil edilirlər.

Yuxarıda saleh əməldən danışarkən hər bir əməlin niyyəti, ruhu olmasından bəhs etdik. Təbii ki, həmin əməllərin müəyyən icra forması, şəkli də mövcuddur. İxlas ilə yerinə yetirilən ibadətlərdə görüntü, yəni şəkil əməlin bədəni hesab olunur. Belə bir misal götürək: axşam namazının fərzi üç rükətdir və siz bunu 4 rükət qılsanız, şəkli baxımdan bu əməl batil olur. Yəni sizin 4 rükət namaz qıldığınızı görən adam o ibadətinizə axşam namazı deməz. Başqa bir misal: oruc ibadətinin də müəyyən şəkli, zahiri şərtləri var. Yəni gecənin bir vaxtından, imsaqdan başlayıb günəş batana qədər yeyilib-içilməyəcək. Əgər siz imsaqdan oruc tutmağa başlayaraq günəş batmasına qədər deyil, gecənin bir vaxtına qədər ac-susuz qalsanız, bəlkə buna da bir ibadət adı vermək olar, amma bu, oruc sayılmaz. Çünki ibadətlərin ruhu, mahiyyəti olduğu kimi, şəkli, icra formaları da təsbit edilmişdir və o ölçülərin yerinə yetirilməsi şərtdir. Allah-Təala necə əmr edibsə, ibadətin hansı şəklindən məmnundursa, bəndə də qeyd-şərtsiz onu qəbul etməli və yerinə yetirməlidir.

Bir qədər yuxarıda saleh əməldən danışarkən Allah-Təalanın (c.c.) haqlarından da bəhs etdik. Təbii ki, Allah-Təalanın (c.c.) haqları dedikdə, ilkin olaraq ağlımıza boynumuzun borcu ola ibadətlər gəlir. Yəni bizim namaz qılmağımız, oruc tutmağımız  Allah-Təala (c.c.) qarşısında borcumuzdur və namaz qılaraq, oruc tutaraq o borclarımızı yerinə yetirmiş oluruq.

Başqa bir misal göstərək: zina edənlər bu günahı tərəflərin iradi seçimləri ilə yerinə yetirdiklərini söyləyirlər və elə düşünürlər ki, burada kimsənin haqqı tapdanmır. Onlar unudurlar ki, Allah-Təalanın (c.c.) haram buyurduğu, günah bildirdiyi əməllərdən uzaq durmayanlar Allah-Təalanın (c.c.) əmanətinə xəyanət etmiş olurlar.

Başqa bir misal: birisinin başına iş gəlir və o, qəzavü-qədərə, Allahın (c.c.) əmrlərinə qarşı üsyan edir. Bu zaman həmin insan həm Allah-Təalanın (c.c.) haqqına riayət etməmiş olur, həm də pis örnək göstərdiyi üçün insanların haqqını tapdayır.

Bütün əməllər niyyətlərə görədir. Hətta insan xeyirxah  niyyətlə başladığı bir əməli tamamlaya bilmirsə və ya istədiyinin tam əksi alınırsa belə, yenə Allah-Təala (c.c.) həmin qulunu niyyətinə görə dəyərləndirər, mükafatlandırar. İxlas hər əməldə Allah-Təalanın (c.c.) əmrlərini rəhbər tutmaqdır, onun-bunun, qonum-qonşunun, varlının-kasıbın nə düşündüyünü arxa plana atmaqdır. Namaz başlayarkən alınan təşrik təkbirin bir anlamı da "artıq dünyanı arxama atdım və Allah-Təala ilə aramda heç bir əngəl qalmadı" kimi izah olunur.

Allah-Təala könlümüzə ixlas ruhunu hakim qılsın və bizi rizasına qovuşan qulları sırasına qəbul eyləsin!
"Zaman Azərbaycan"


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/397894.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR