Roma, 18 yanvar, AZƏRTAC
İtaliyanın bir sıra bölgələrində müşahidə edilən kəskin hava şəraiti məktəblərin bağlanmasına, əksər ictimai obyektlərin fəaliyyətinin müvəqqəti olaraq dayandırılmasına səbəb olub, nəqliyyatın hərəkətinə əngəl törədib.
Abruzzo, Puliya, Siciliya, Kampanya və digər bölgələrdə havanın temperaturu mənfi 25 dərəcəyədək enib. Regionların mərkəzi küçələrinin qardan təmizlənməsinə hətta yerli sakinlər də cəlb olunub. Hava şəraiti ilə əlaqədar bəzi yollarda isə ümumiyyətlə nəqliyyatın hərəkəti iflic vəziyyətinə düşüb. Ucqar qəsəbələrdə yaşayan ailələrə zəruri ərzaq məhsullarının çatdırılması üçün mülki müdafiə qüvvələri gücləndirilmiş rejimdə işləyiblər.
İtaliyanın bölgələrində şaxtalı hava şəraitinin hələ bir neçə gün davam edəcəyi ilə bağlı xəbərdarlıq edilib.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma

