Bakı, 20 yanvar, AZƏRTAC
Çilinin aparıcı mətbu orqanlarından olan “La Tercera” qəzetində Azərbaycan Respublikasının Çili Respublikasındakı diplomatik missiyasının müvəqqəti işlər vəkili Orxan Hacıyevin 20 Yanvar faciəsinə həsr olunan “Qara Yanvar” başlıqlı məqaləsi dərc edilib.
Diplomatik missiyadan AZƏRTAC-a bildiriblər ki, məqalədə 20 Yanvar faciəsinin ölkəmizin müasir tarixində kədərli, eyni zamanda, qəhrəmanlıq səhifələrindən biri olduğu vurğulanır, Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda mübarizəsini yatırmaq məqsədilə sovet hökumətinə rəhbərlik edən M.Qorbaçovun göstərişi əsasında Bakı şəhərinə böyük hərbi qüvvələrin göndərildiyi və günahsız insanlara qarşı misli görünməmiş vəhşiliklər törədildiyi qeyd olunur.
Bildirilir ki, bu qətliam yalnız xalqımıza qarşı deyil, həm də bütün insanlığa qarşı faciədir. Çünki həmin faciədə müasir silahlarla təchiz olunan sovet əsgərləri mülki əhalini hücuma və ağır işgəncəyə məruz qoymuşdur.
Görünməmiş qəddarlıqla keçirilən cəza tədbirləri nəticəsində çoxsaylı dinc insanların öldürüldüyü barədə məlumat verən azərbaycanlı diplomat onlar arasında qadınların, uşaqların və qocaların da olduğunu vurğulayır.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin törədilən böyük faciə ilə bağlı “O, ayrı-ayrı insanlara qarşı törədilən qəsd, təcavüz deyildir. Bütün Azərbaycan xalqına, Azərbaycan millətinə, Azərbaycan ölkəsinə edilən hərbi təcavüz idi” ifadələri qəzet oxucularının diqqətinə çatdırılır.
Məqalənin sonunda 1990-cı illərdə baş verən qanlı terror aktının müstəqillik uğrunda genişlənən hərəkatı boğmaq məqsədi daşıdığı bildirilir. Qeyd edilir ki, bu faciə xalqımızın mübariz əzmini qıra bilməyib və 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etməyə nail olub.