Kiyev, 12 fevral, AzərTAc
Ukraynanın Xarkov şəhərində Azərbaycanın fəxri konsulu Əfqan Salmanov fevralın 11-də Yaroslav Mudrı adına Milli Hüquq Universitetinin rektoru Vasili Tatsi ilə görüşüb.
Görüşdə fəxri konsulluq, Milli Hüquq Universiteti və bu nüfuzlu ali məktəbin məzunlarının Ümumukrayna Assosiasiyası arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Əfqan Salmanov AzərTAc-a müsahibəsində bildirib ki, bu sənədin imzalanması mühüm hadisədir. Memorandum universitet ilə Azərbaycanın fəxri konsulluğu arasında uzunmüddətli və səmərəli qarşılıqlı fəaliyyətin əsasını təşkil edəcək.
Fəxri konsul deyib: “Bu gün biz Əməkdaşlıq Haqqında Memorandum imzaladıq. Bu əməkdaşlıq çərçivəsində informasiya mübadiləsi prosesini nizamlamağı, habelə universitetin Azərbaycanda yaşayan məzunlarını birləşdirməyi planlaşdırırıq. Bundan əlavə, biz akademik mübadilənin inkişafına, müəllimlərin, alimlərin, aspirantların və tələbələrin qarşılıqlı staj keçməsinə və ixtisas səviyyəsinin artırılmasına hər vasitə ilə kömək edəcəyik”.
Əfqan Salmanov onu da vurğulayıb ki, Azərbaycan bütün istiqamətlər üzrə, o cümlədən, elm və təhsil sahələrində layihələr üzrə əməkdaşlığa həmişə hazırdır.
O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev bu məsələlərə xüsusi diqqət yetirir.
Fəxri konsul xatırladıb ki, bu gün Xarkovun ali məktəblərində üç mindən çox azərbaycanlı tələbə təhsil alır. Bizim altı ali məktəbimiz Ukraynanın akademiya, universitet və institutları ilə əməkdaşlıq edir. Fəxri konsul vurğulayıb: “Buna görə bizim əməkdaşlığımız üçün ortaq mövzular və istiqamətlər çoxdur, gələcəkdə biz həmin istiqamətləri daha da möhkəmlətməyi və inkişaf etdirməyi nəzərdə tuturuq”.
Rektor Vasili Tatsi də əmin olduğunu bildirib ki, bu Memorandumun imzalanması ali məktəbin həyatında mühüm hadisədir. Rektor vurğulayıb: “Yaxın gələcəkdə hökmən elə vəziyyət yaranacaq ki, bizim universitetin və Azərbaycan ali məktəblərinin tələbələri inteqrasiya edilmiş proqramlar üzrə təhsil alacaq və ola bilsin ki, onlara iki ali hüququ təhsil haqqında diplom – həm Azərbaycan Universitetinin, həm də bizim ali məktəbin diplomları veriləcək”.
Zeynal Ağazadə
AzərTAc-ın xüsusi müxbiri
Kiyev