Daşkənd, 22 yanvar, AZƏRTAC
Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə podrobno.uz portalında 20 Yanvar faciəsi ilə bağlı məqalə yayılıb.
Məqalədə deyilir ki, 20 Yanvar Azərbaycanın müasir tarixinə qəhrəmanlıq simvolu kimi daxil olub. Müstəqillik və ərazi bütövlüyü uğrunda küçələrə çıxan dinc əhali həmin gün keçmiş SSRİ ordusunun təpədən-dırnağadək silahlanmış əsgərləri ilə qarşılaşıb. Bir gecənin içində Bakı küçələrində heç bir günahı olmayan qocalar, qadınlar, uşaqlar qətlə yetirilib. Keçmiş SSRİ-nin o vaxtkı rəhbərləri Bakını qan içində boğub.
Məqalədə həmin gecə qəddarlıqla qətlə yetirilən şəhidlərin, yaralıların və itkin düşənlərin sayı haqqında da məlumat verilir.
Qeyd edilir ki, 2000-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyevin Fərmanı ilə “20 Yanvar şəhidi” adı təsis edilib.
Bildirilir ki, 20 Yanvar günü o vaxtdan qəhrəmanlıq rəmzi kimi qeyd edilir. Həmin gün Azərbaycan xalqı Dağüstü Parkdakı Şəhidlər xiyabanını ziyarət edir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd