ATV-də yayımlanan "Bu stil mənim" yarışının hazırlandığı "Renk Medya" Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva ilə bağlı açıqlama yayıb.

Axşam.az-ın məlumatına görə, xəbərdə münsif kürsüsündə əyləşən modelin Türkiyə türkcəsində danışmasını ələ salanlara müraciət olunub:

"Günay Musayeva İstanbulda hər gün çəkilişlərdədir. O, təkcə "Bu stil mənim" yarışında iştirak etmir. Türkiyədə bir çox defilenin baş modelidir, film, serial çəkilişlərində rol alır. Bu layihələrin hamısı türk dilindədir. Günay xanım da 6 ildir ki, bu işlərlə məşğul olduğu üçün türk dilində danışması normaldır. Hər ay Azərbaycana gəlir, "Bu stil mənim" verilişinin hazırlanması üçün çalışırıq. Orada insanların çoxu Azərbaycan yox, rus dilində danışır. Hətta bəzi şirkətlər var ki, orada işçilər heç Azərbaycan dilindən istifadə etmirlər. Niyə rus dilində danışanlara kimsə bir söz demir, Günayın verilişdə türk dilində dediyi kəlmələri bu qədər tənqid edirsiniz? Məqsədiniz düşmənçilik yaratmaqdır? Biz də, siz də türksünüz. İnsan nəslini unudarsa, bütün dəyərlərini itirər. Biz "Renk Medya" olaraq gecə-gündüz Günay Musayeva ilə birlikdə bu layihəni gerçəkləşdirmək üçün çalışdıq. Günay öz vətənini sevdiyi üçün bir çox layihələrdən imtina edib, bu verilişə qatıldı. Bu söhbəti bu gündən etibarən bağlayaq. Hər kəs əlini vicdanına qoysun və tənqidlərin yalan olduğunu desin. Bu qədər zəhməti heç etməyin. Biz də buna pis oluruq. Biz türkük və bundan da qürur duyuruq".

Yaradıcı heyət G.Musayevanın iştirakçı Güneli haqlı səbəbdən tənqid etdiyini bildirilib:

"Günay Musayevanın iştirakçı Günel Məmmədovaya olan tənqidi doğrudur. Biz qızların yarışdakı hazırlıqlarını yaxından izləyirik. Günel münsiflərin ona olan sevgisindən istifadə edərək digər iştirakçılara: "Necə geyinsəm də, fərq etməz. Onsuz da münsiflər məni sevir, artıq heç bir şey deməyəcək və etməyəcəklər", - sözlərini işlədib. Onun bu dediklərini Günay Musayevaya çatdırdıq. Digər iştirakçıların haqqına girməmək üçün Günay xanıma o sözləri biz dedirtdik və sona qədər də arxasındayıq. Bilinsin ki, o sözlər Günay Musayevanın öz fikri deyildir, "Renk Medya"nın sözləri idi. Kimsə işin əslini bilmədən təhqirlər yazmasın. Günay Musayeva heç vaxt kiminsə haqqını başqasına verməz".

Milli.Az