Bakı, 26 yanvar, AZƏRTAC
Dövlətimizin başçısının sahibkarlara göstərdiyi diqqət və qayğı bizi işimizə daha da həvəslə yanaşmağa ruhlandırır.
Bu sözləri AZƏRTAC-a müsahibəsində "Azərtoxum" MMC-nin icraçı direktoru Məzahir Qasımov deyib. O qeyd edib ki, sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyi, inzibati prosedurların sadələşdirilməsi sahəsində atılan addımlar biz sahibkarlar tərəfindən razılıqla qarşılanır. Buna görə dövlətimizin başçısına minnətdarlığımızı bildiririk. Biz Prezident İlham Əliyevin dəstəyini hər zaman hiss edirik.
"Təmsil etdiyim qurum respublikanın 10 rayonunda fəaliyyət göstərir. Biz, əsasən, yüksək reproduksiyalı toxumların istehsalı və fermerlərə paylanması ilə məşğuluq. "Azərtoxum" MMC çox yüksək texnologiya ilə təchiz olunub. Fermerlər MMC-nin istehsal etdiyi toxumlar sayəsində yüksək məhsul götürürlər. Bu il 7 min hektar sahədə buğda, 1200 hektar sahədə arpa səpmişik. İldə 6-7 min ton toxum satırıq. Fermerlərlə mütəmadi görüşlər keçiririk, onlar xarici toxumlardan daha çox yerli toxumlara maraq göstərir", - deyə sahibkar diqqətə çatdırıb.