Bakı, 28 yanvar, AZƏRTAC
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə yanvarın 28-də Siyəzən rayonunda "Hər bir istehlakçı öz hüquqlarını bilməli və tələb etməlidir" mövzusunda konfrans keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, xidmətin rəis müavini Araz Əliyev istehlakçıların hüquqlarının qorunmasına dövlət qayğısından bəhs edib, bu sahədə etibarlı təminat sisteminin yaradıldığını və dövlət siyasətinin formalaşdırıldığını diqqətə çatdırıb. Bildirilib ki, insanların müxtəlif mallara, xidmətlərə olan tələbatının keyfiyyətcə dəyişməsi, istehlakçıların öz hüquqlarının müdafiəsinə daha çox əhəmiyyət verməsi bu sahədə maarifləndirmə tədbirlərinin önəmini artırır.
İstehlakçıların hüquqlarının qorunması istiqamətində görülən işləri diqqətə çatdıran rəis müavini ötən il istehlak bazarının keyfiyyətsiz mal və xidmətlərdən qorunmasında maarifləndirmə və təbliğat-təşviqat işlərinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Qeyd olunub ki, 2015-ci ildə Dövlət Xidməti tərəfindən aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların, sahibkarların iştirakı ilə Bakıda və regionlarda 30-a yaxın konfrans, "dəyirmi masa" və seminar keçirilib. İstehlakçıların maarifləndirilməsi məqsədilə 18 adda 85 mindən artıq buklet, sahibkarların istehlakçıların hüquqlarının qorunması sahəsində vəzifələrinə dair 6 adda 6 minə yaxın yaddaş kitabçası hazırlanaraq paylanıb.
Tədbirdə, həmçinin xidmət qaydalarının tələblərinə əməl olunması və xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən maarifləndirici tədbirlər barədə məlumat verilib.
Konfransda məruzələr dinlənilib, tədbir iştirakçılarının sualları cavablandırılıb.
Sonda tədbir iştirakçılarına istehlakçı hüquqlarına dair maarifləndirici materiallar paylanıb.