A–
Bakı, 2 fevral, AZƏRTAC
Vergilər Nazirliyində Dünya Bankının Cənubi Qafqaz üzrə nümayəndə heyəti ilə görüş keçirilib.
Vergilər nazirinin müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Sahir Məmmədxanov Azərbaycanda mövcud iqtisadi vəziyyət və iqtisadi inkişaf göstəriciləri, dünyada baş verən kataklizmlərə baxmayaraq, 2015-ci ildə aparılan uğurlu iqtisadi siyasət, ölkəmizdə makroiqtisadi vəziyyətin sabitliyi, ölkə iqtisadiyyatının xarici təsirlərə dayanıqlılığı, vergi sistemində aparılan modernləşmə prosesi, texnoloji imkanların genişləndirilməsi, vergi inzibatçılığı və elektron hökumət quruculuğu istiqamətində əldə edilən nailiyyətlər barədə məlumat verib.
Dünya Bankının region üzrə proqram rəhbəri Raşmi Şankar yeni iqtisadi şəraitdə Azərbaycan iqtisadiyyatının strukturunun təkmilləşdırılməsi, qeyri-neft sektorunun rəqabət qabiliyyətinin və ixrac imkanlarının artırılması istiqamətində hökumətin atdığı addımları, vergi sisteminin modernləşdirilməsi və innovasiyaların dəstəklənməsində vergilərin stimullaşdırıcı rolunun artırılması istiqamətində Vergilər Nazirliyinin həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirib.
Görüşdə vergi siyasəti, vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində həyata keçirilmiş son tədbirlər, Vergi Məcəlləsinə edilmiş dəyişikliklər və növbəti islahatlarla bağlı planlara dair fikir mübadiləsi aparılıb, missiya üzvlərinin sualları cavablandırılıb.