A+
A–

Bakı, 15 fevral, AZƏRTAC
Fevralın 15-də Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında “İctimai nəzarət haqqında” yeni qanun layihəsi ictimai müzakirəyə çıxarılıb.
AZƏRTAC xəbər verir ki, iclasda qeyri-hökumət təşkilatlarının rəhbərləri də iştirak ediblər.
Yeni qanun layihəsinin əhəmiyyətindən danışan komitə sədri Əli Hüseynli sənədin hazırkı vəziyyətin reallığını əks etdirdiyini söyləyib. Bildirilib ki, qanun layihəsinin əsas məqsədi mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və onların vəzifəli şəxslərinin vəzifə və funksiyalarının, həmçinin qanunvericilik aktlarının səmərəli şəkildə icra edilməsi, vətəndaşların və hüquqi şəxslərin qanuni maraqlarının qorunması, şəffaflığın və hesabatlılığın təmin olunmasında ictimai nəzarətin həyata keçirilməsi sahəsində münasibətlərin tənzimlənməsidir.
Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev qanun layihəsinin 17 maddədən ibarət olduğunu bildirib. Qeyd edib ki, Azərbaycanda ictimai nəzarətin lazımi səviyyədə olmaması belə layihənin hazırlanmasını zəruri edir. Bu səbəbdən QHT-lərə Dövlət Dəstəyi Şurası belə boşluğun aradan qaldırılması və müəyyən mexanizmlərin hazırlanması ilə bağlı təkliflər hazırlayaraq Milli Məclisə təqdim edib.
Azay Quliyev vurğulayıb ki, yeni qanun layihəsinə əsasən ictimai nəzarətin əsas prinsipləri qanunçuluq, obyektivlik, qərəzsizlik, könüllülük, şəffaflıq, aşkarlıq, hesabatlılıq, bərabərlik və ayrı-seçkiliyə yol verilməməsidir. İctimai nəzarətin əsas mexanizmlərinə monitorinq, müşahidə, ekspertiza və müraciətlərin araşdırılması daxildir. Monitorinq dedikdə mərkəzi və yerli icra hakimiyyəti orqanları və onların vəzifəli şəxslərinin fəaliyyətinin ictimai nəzarət subyekti tərəfindən müşahidəsi başa düşülür. Qanun ictimai nəzarətin digər formalarda həyata keçirilməsini məhdudlaşdırmır.
Diqqətə çatdırılıb ki, ictimai nəzarət mərkəzi və yerli icra hakimiyyəti orqanları yanında fəaliyyət göstərən ictimai şuralar vasitəsilə həyata keçirilir. İctimai şuralarda QHT-lər, KİV-lər, həmkarlar ittifaqları, məhəllə komitələri və vətəndaş qruplarının nümayəndələri təmsil oluna bilərlər.
Qanunun tələblərini pozan şəxslər İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyacaqlar.
Sonra qanun layihəsi müzakirə edilib, təkliflər irəli sürülüb.