A–
Bakı, 18 fevral, AZƏRTAC
Ölkəmizdə əvvəlki illərlə müqayisədə tədarük olunan qanın həcmi artıb. Belə ki, Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə 2015-ci ildə respublika üzrə keçirilən qanvermə aksiyalarında 36 ton 597 litr qan tədarük edilib. 2014-cü ildə isə bu göstərici 36 ton 193 litr təşkil edib.
Bu barədə AZƏRTAC-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilir ki, qanvermə aksiyalarında iştirak edən könüllü donorların sayının artması da müşahidə olunur. Keçən il qanvermə aksiyalarında 75 min 184 nəfər iştirak etmişdisə, 2014-cü ildə bu göstərici 72 min 697 nəfər təşkil edib.
Donor qanının əksər hissəsi Mərkəzi Qan Bankında, Milli Onkologiya Mərkəzində və Respublika Kliniki Tibbi Mərkəzdə toplanılıb.
Ümumilikdə ötən il 318 qanvermə aksiyası keçirilib.
Tədarük olunan qan və komponentlərindən hemofiliyalı və talassemiyalı xəstələrin, həmçinin qana ehtiyacı olan bütün şəxslərin müalicəsində istifadə olunur.
Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Bakı və regionlarda könüllü qanvermə aksiyaları davam edir.
azertag.az: Səhiyyə Nazirliyi: Azərbaycanda tədarük olunan qanın həcmi artıb