A+
A–

Podqoritsa, 20 fevral, AZƏRTAC
Monteneqro NATO-ya üzvlük istiqamətində önəmli addım atıb. Belə ki, fevralın 15-də Brüsseldə keçirilmiş ikigünlük quruma daxilolma danışıqları zamanı əsasən üzvlük yolunda siyasi, hərbi və hüquqi məsələlər, hər iki tərəf üçün önəmli olan məqamlar diqqət mərkəzində olub. Növbəti mərhələdə isə daxilolma protokolunun imzalanması nəzərdə tutulur. Bu zaman Monteneqro təşkilatın toplantılarında qonaq qismində iştirak edə biləcək. Bütün üzvlər protokolu ratifikasiya etdikdən sonra Monteneqro qurumun 29-cu üzvü ola bilər.
Danışıqlara NATO-nun siyasi məsələlər və təhlükəsizlik siyasəti üzrə baş katibinin köməkçisi, səfir Thrasyvoulos Terry Stamatopoulos sədrlik edib. O bildirib ki, NATO-ya üzvlük istiqamətində danışıqların aparılması Monteneqro üçün önəmli addımdır. Qurumun üzvü olmaq bu ölkənin təhlükəsizliyini və suverenliyini gücləndirəcək.
Müvafiq məsələyə münasibət bildirən Monteneqronun İtaliyadakı səfiri Antun Sbuteqa vurğulayıb ki, ölkəsi əngəlləri aşaraq növbəti il NATO-nun üzvü ola bilər. O deyib: “Bizim üzvlüyümüz heç kimə qarşı yönəlməyib. Bu sadəcə xarici hədələrə qarşı sığortalanmaq və regionda sabitliyi saxlamaq üçün atılan bir addımdır. NATO-nun bir hissəsi olmaq Avropa İttifaqının üzvü olmaq yolunda da önəmli stimuldur. Monteneqro əhalisinin 48 faizi NATO-ya üzvlüyü dəstəkləyir. İtaliyanın müvafiq istiqamətdə dəstəyinə görə minnətdarıq”.
Qeyd edək ki, 2009-cu ildən etibarən Montenqronun NATO-ya üzvlüyü üçün fəaliyyət planı çərçivəsində fəal danışıqlar aparılır. Ötən ilin dekabrında isə NATO-ya üzv ölkələrin xarici işlər nazirləri bu ölkəni daxilolma danışıqlarına başlamağa dəvət ediblər. Təşkilatın baş katibi Yens Stoltenberq bu dəvəti tarixi an kimi dəyərləndirərək NATO-nun qapılarının açıq olduğunu və Avropanı vahid, azad, sülh şəraitində görmək istədiyini göstərdiyini bəyan edib.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Podqoritsa
AZERTAG.AZ :Gələn il Monteneqronun NATO-ya daxil olması üçün həlledici il ola bilər