A–
Bakı, 20 fevral, AZƏRTAC
Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2016-cı il tarixli “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” Fərmanına uyğun olaraq, Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyində (ABOEMDA) Apellyasiya Şurası yaradılıb.
ABOEMDA-dan AZƏRTAC-a bildirilib ki, Apellyasiya Şurasının əsasnaməsi, tərkibi və katibliyi təsdiq edilib. Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədrinin müavini Nurəli Yusifbəyli Apellyasiya Şurasının sədri, agentliyin struktur bölmələrinin məsul vəzifəli şəxslərindən ibarət 6 nəfər isə şuranın üzvləri təyin olunublar. Şuranın katibliyinin rəhbəri və tərkibi də təsdiq edilib.
İctimai əsaslarla fəaliyyət göstərəcək Apellyasiya Şurasının yaradılması sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiə olunması məqsədinə xidmət edəcək.
AZERTAG.AZ :Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyində Apellyasiya Şurası yaradılıb