A–
Tokio, 23 fevral, AZƏRTAC
Yaponiyanın iki müxalifət partiyası parlamentin yuxarı palatasına bu ilin ortalarında keçiriləcək seçkilər ərəfəsində bir təşkilatda birləşmək üçün danışıqlara başlayıb. Bu barədə Kyodo agentliyi məlumat yayıb.
Ölkənin ən böyük müxalifət təşkilatı olan Yaponiya Demokratik Partiyası (YDP) Yaponiya İnnovasiyalar Partyasından olan deputatların ona birləşəcəyi təqdirdə partiyanın adını dəyişməyə hazır olduğunu bildirib.
Bu iki siyasi təşkilatın rəhbərləri artıq bir neçə müddətdir ki, parlament seçkiləri ərəfəsində birləşmək üçün danışıqlar aparırlar. İnnovasiyalar Partiyası şərt olaraq hər iki təşkilatın buraxılmasını və bütün üzvlərin yeni partiyada birləşməsini təklif etsə də, YDP bununla razılaşmır.
Fevralın 23-də keçirilmiş görüş zamanı YDP-nin rəhbərliyi qarşıdakı seçkilərdə hakim koalisiyaya qalib gəlmək üçün iki təşkilatın birləşməsinin əsas prioritet olması ilə razılaşıb. Görüş iştirakçıları təsdiq ediblər ki, YDP buraxılmasa da, adını dəyişəcək və yeni siyasi təşkilata çevriləcək.
YDP lideri Katsuya Okada yeni partiyanın yaradılması prosesinin martın sonunadək başa çatacağına ümid etdiyini bildirib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
AZERTAG.AZ :Yaponiyanın iki müxalifət partiyası bir təşkilatda birləşmək üçün danışıqlara başlayıb