A+
A–

Bakı, 7 mart, AZƏRTAC
IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatının birgə həyata keçirdiyi “Uşaqlar üçün laboratoriya” layihəsi çərçivəsində martın 12-də növbəti təlim keçiriləcək.
Baharın gəlişi və Novruz bayramı ərəfəsində təşkil olunacaq təlim təbiətin oyanması, bitkilərin çiçək açması, heyvanlar aləmində müşahidə olunan canlanma və yaz fəslinə xas olan digər təbiət hadisələrinə həsr ediləcək.
Gənc təbiətsevərlərə bitkilərdə fotosintez prosesi, ev bitkiləri və onlara qulluq, güllərin daxili və xarici quruluşu, toxumun cücərməsi, bitkilərin insanlara faydası – meyvə ağacları və müalicəvi bitkilər haqqında geniş məlumat veriləcək, onlara müxtəlif gül və çiçəklərlə əyani tanışlıq imkanı yaradılacaq.
Təlim zamanı, həmçinin uşaqlar Novruz bayramının simvolu olan səməninin əkilməsi, təbii şəkildə güllərdən ətirlərin hazırlanması prosesində və müxtəlif maraqlı oyunlarda iştirak edəcəklər.
Mart laboratoriyası uşaqlarda təbiətin dirçəlməsi haqqında təsəvvür yaratmaqla yanaşı, həm də onların milli adət-ənənələrimizi erkən yaşlarından mənimsəmələrinə töhfə verəcək.
IDEA-nın Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində təşkil olunacaq “Uşaqlar üçün ekoloji laboratoriya”da iştirak etmək istəyənlər İctimai Birliklə əlaqə saxlaya bilərlər (497-63-16).
AZERTAG.AZ :“Uşaqlar üçün laboratoriya” layihəsi çərçivəsində növbəti təlim keçiriləcək