Dünyanın bir çox ölkələrində zərif cinsin nümayəndələrinin hərbi xidmətə cəlb olunduğu, hətta İsrail, Myanma və Norveç kimi ölkələrdə bunun məcburi olduğu, eləcə də bir sıra digər ölkələrdə bu sistemə keçidə hazırlıq görüldüyü barədə çox yazılıb.

Azərbaycan tarixində sözün hər iki mənasında döyüşkən qadınların sayı heç də az olmayıb. Elə hələ də bitməyən Qarabağ savaşı zamanının ilk illərində Azərbaycan qadınlarının hərbi əməliyyatlarda necə iştirak etdiyini yaxşı bilirik, bəzilərimiz isə şahidi olmuşuq. Hətta 1992-ci ildə qadınlardan ibarət batalyon da yaradılmışdı.

Lakin Azərbaycan cəmiyyətində əksəriyyətin ümumi fikri belədir ki, ordu qadınların yeri deyil, "qadın" və "silah" anlayışlarının bir yerdə işlədilməsi milli mentalitetimizə yaddır, hərbi xidmət ağır iş olduğundan bu kişilərin vəzifəsidir.

Buna baxmayaraq, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində bu gün də şərəflə xidmət edən xanımlarımız var və onlar müxtəlif sahələrdə çalışırlar. Maraqlısı odur ki, ordu sıralarına qoşulan və qoşulmaq istəyən qadınlarımızın sayı ilbəil artır.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən (SHXÇDX) verilən məlumata görə, Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmət keçmək üçün könüllü müraciət edən qadınların sayında ildən-ilə artım müşahidə olunur. Lakin hərbi sirr olduğundan hərbi qeydiyyata götürülmüş qadın vətəndaşların sayı barədə məlumat verilmir.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı Milli.Az-ın sorğusuna cavab olaraq bildirib ki, hazırda Azərbaycan Silahlı Qüvvələrində zabit, gizir, çavuş və əsgər vəzifələrində xidmət edən qadın hərbi qulluqçuların sayı artaraq 1000 nəfəri ötüb.
Onun sözlərinə görə, hazırda Silahlı Qüvvələrin bütün birlik, birləşmə və hərbi hissələrində qadınlar əsasən rabitə, tibb, tədris və kadr, eləcə də artilleriya, kəşfiyyat, beynəlxalq hərbi əməkdaşlıq və arxa cəbhədə xidmət keçirlər və Silahlı Qüvvələrdə əsgər, çavuş və gizirlərlə yanaşı, leytenantdan tutmuş polkovnik rütbəsinədək zabit qadınlara rast gəlmək olar.

Qeyd edək ki, "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 26-cı maddəsinə əsasən, Azərbaycanda 19 yaşından 40 yaşınadək qadınlar əsgərlərin, matrosların və çavuşların müddətdən artıq, həmçinin gizirlərin və miçmanların, ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək qadınlar isə zabitlərin həqiqi hərbi xidmətinə könüllü daxil ola və qəbul edilə bilərlər.
Xatırladaq ki, 2009-cu ilə kimi qadınların Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbulu da mümkün idi. Lakin 2009-cu ildən etibarən bu qəbul dayandırıldı.

Lakin cəmiyyətimizdə bu addımı düzgün qəbul etməyən, içlərində zərif cinsin tanınmış nümayəndələri də olmaqla müharibə şəraitində olan ölkədə qadınlara mütləq hərbi hazırlıq keçilməsi, hətta onların məcburi qaydada hərbi xidmətə çağırılması ideyası ilə çıxış edənlər və bunu dəstəkləyənlər də olur.

Hər il bayramlarının əksəriyyətini ön cəbhədə, səngərlərdə qeyd edən psixoloq Aytən Ələkbərova Milli.Az-a məsələyə psixoloji və milli-mental yanaşmaların bəzi xüsusiyyətlərinə toxunub: "Bizim qəhrəmanlıq tariximizə nəzər salsaq, görərik ki, qərinələr öncə də qəhrəman qadınlarımız olub. Bu baxımdan qadınların hərbi xidmətdə olmasına çox böyuk rəğbətlə yanaşıram. Lakin burada bir sual yaranır: son dövrlər bəzən oğlanlarımıza belə hərbi xidməti qıymadığımız halda qızlarımıza necə qıyaq?! Lakin əsas o deyil ki, onlar da səngərdə xidmətdə olsunlar. Onlar arxa cəbhədə də öz köməkliklərini edə bilərlər. Necə ki əsgərlik kişilik məktəbidir deyirik, bu qadınlar üçün də gələcək analıq, qadınlıq, əzmkarlıq, dözümlük məktəbi olmalıdır. Gələk qadınların orduda olmasının mental dəyərlərimizə zidiyyət məsələsinə. Axı indi o qədər ailələlərimiz var ki, qiz övladlarını xarici dövlətlərə göndərirlər. Əslində bu da milli mentalitetimizə uyğun deyil. Ona görə də məncə, mentallıq səbəb ola bilməz. Vətən üçün oğlan-qız amili yoxdur. Vətən elə Vətəndir. Onu hamı sevməli, uğrunda ölməyə və öldürməyə hazır olmalıdır".

Millət vəkili Jalə Əliyeva vaxtilə mətbuata açıqlamasında bildirmişdi ki, vətəndaşlıq mövqeyi baxımından ölkənin vətəndaşları qadın və kişiyə bölünməməlidir: "Tariximizin ən dərin qatlarında Azərbaycan qadını kişilərlə bərabər, hətta onlardan bir addım irəlidə döyüşə də gedib, qəhrəmanlıq da göstərə bilib. Torpaqlarımızı qorumaq üçün hökmdar, sərkərdə qadınlarımız da olub. Bu gün həmin ənənəyə qayıtmaq heç də yenilikdən xəbər vermir. Bu, bizim qanımızda, gen yaddaşımızda olan bir duyğudur. Bu, Azərbaycan qadınının hər bir sahədə, hətta hərbi sahədə öz sözünü deyə bilməsidir".
Millət vəkilinin fikrincə, torpaqlarında 20 ildən artıq müharibə gedən bir ölkənin qadın vətəndaşlarının hazırlıqlı olmasında heç bir qəbahət yoxdur: "Məncə, burada heç bir mənfi şey yoxdur. Hər kəs öz vətənini qorumağı bacarmalıdır".

Qadınların hərbi xidmətə cəlb edilməsinə müsbət yanaşan hərbi ekspert Üzeyir Cəfərov isə qeyd etmişdi ki, bunu Azərbaycanın düşdüyü real vəziyyət tələb edir: "Kişilərlə yanaşı, Azərbaycan qadınları da Azərbaycanın tam hüquqlu vətəndaşlarıdır. Bu, düzgün yanaşma deyil ki, müharibə başlayacağı təqdirdə silaha ancaq kişilər sarılmalıdır. Bu gün Azərbaycanda kişilərlə yanaşı, yüksək vəzifədə çalışan qadınlarımız, xanım generallarımız da var. Hansılar ki, onlar hərbçiliyi özlərinə həyat peşəsi kimi seçiblər və buna hamı hörmətlə yanaşmalıdır".

Tanınmış publisist Şəmistan Nəzirlinin fikrincə isə, qadınların hərbi xidmətə yazılması orduda vətənpərvərlik ruhunun artmasına kömək edə bilər: "Əgər bir orduda, alayda və ya batalyonda tənbəl əsgər və zabit varsa, fəal qadını gördükdən sonra onun kimi nümunəvi olmağa çalışacaqlar. Hərbi geyimin ağırlığını hər adam daşıya bilməz. Əgər qadın bu formanı geyərsə, deməli, məsuliyyət hiss edir".
Lakin çoxlarının, o cümlədən rəsmi şəxslərin bu məsələyə yanaşması fərqlidir.

Keçmiş korpus komandiri, ehtiyatda olan general-leytenant, hərbi ekspert Yaşar Aydəmirov Milli.Az-a deyib ki, Azərbaycanda qadınların hərbi xidmətə məcburi cəlb edilməsinə və onların cəbhədə vuruşmasına ehtiyac yoxdur: "Bütün dünyada qadınlar orduda əsasən intellektual və avtomatik idarəetmə sistemləri, rabitə, təminat, şəxsi heyətin uçotu və s. işlərə cəlb olunurlar. Azərbaycan ordusunda da bu təcrübə könüllülük prinsipi əsasında çoxdan tətbiq olunur. Son illər isə onların sayı artır. Lakin bu heç də səfərbərlik ehtiyatının az olması səbəbindən deyil. Bizdə İsrail ordusunda olan çağırışçıların sayının azlığı problemi yoxdur. Azərbaycanda səfərbərlik ehtiyatı kifayət qədərdir və hətta 5-6 ordu komplektləşdirməyə bəs edər. Ona görə də qadınların hərbi xidmətə geniş formada cəlb edilməsinə ehtiyac yoxdur. Çünki ordu tam komplektləşib, vəzifələr tam tutulub. Qadın hərbi qulluqçulara da tələbat nə qədərdirsə, o qədər də götürülüb. Yalnız hamiləlik məzuniyyətinə, ailə vəziyyətinə və ya tərxis olunduğuna görə qadın hərbi qulluqçuların yerinə digərlərini götürmək olar. Qadınlarımızın ön xətdə xidmət etməsinə də ehtiyac yoxdur. Baxmayaraq ki, bizim düşmənlə üzbəüz vuruşa bilən qadın hərbçilərimiz də çoxdur, amma hal-hazırda buna ciddi tələbat yoxdur".

Müdafiə Nazirliyinin sözçüsü polkovnik Vaqif Dərgahlı Milli.Az-ın sorğusuna cavab olaraq bildirib ki, qadın hərbi qulluqçuların kişilərlə yanaşı xidmət etməsi həm xidmətin keyfiyyətinin artmasına, həm də nizam-intizamın yüksəlməsinə müsbət təsir göstərir. Çünki onlar stabilləşdirici qüvvə rolunu oynayırlar. Amma xanım hərbçilərin ön xətdə xidmət etməsi düzgün anlaşılmaz: "Hazırda qadınların Silahlı Qüvvələrimizə mövcud sayda və sahələrdə xidməti kifayət edir. Ona görə də onların hərbi xidmətə icbari qaydada çağırılmasına ehtiyac yoxdur".

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsi sədrinin müavini Aydın Mirzəzadə Milli.Az-a deyib ki, ölkəmizdə qadınların hərbi xidmətə geniş miqyasda cəlb edilməsi gözlənilmir: "Bu gün Azərbaycanda qadınların hərbi qulluqda olmasında şərait yaradılır. Onların hərbi məktəblərə qəbuluna gəlincə, bu təcrübə dünyada geniş tətbiq edilmir. Azərbaycanda bir müddət bu təcrübə tətbiq olunsa da, sonradan vəziyyət göstərdi ki, qadın zabitləri bu formada hazırlamaqdansa, ali təhsilə malik qadınların qısa müddətli kurslar keçdikdən sonra hərbi xidmətə qəbul edilməsi daha məqsəduyğundur. Bu ilk növbədə hərbi təhsil müdddətində böyük fiziki gücün tələb edilməsi ilə bağlıdır. Hazırda hərbi qulluqçu olmaq istəyən qadınlar müvafiq yoxlamadan və kurslardan keçdikdən sonra hərbi xidmətə cəlb olunurlar. Qadınların orduya məcburi və ya geniş şəkildə çağırıldığı ölkələrdə ciddi əhali resursları problemləri var. Azərbaycanda isə əhali resursları kifayət qədərdir ki, qadınların məcburi surətdə hərbi xidmətə çağırılması baş verməsin. Belə bir şey qanunvericilikdə yoxdur və yaxın gələcəkdə də olması gözlənilmir".
İlkin İzzət
Milli.Az