Meyvə quruları əsasən bayram ərəfələrində alınır. Bu məhsulları adi günlərdə almaq bir çoxumuzun cibinə uyğun deyil. Əsasən, xaricdən idxal edilən meyvə qurularının istehsalı üçün ölkəmizdə də hər bir şərait var. Bəs belə müəssisələr niyə azlıq təşkil edir?
Kəpəz TV (Region TV) xəbər verir ki, meyvə qurusu məhsulları ölkəmizə, əsasən, Türkiyə, İran və Özbəkistan respublikalarından gətirilir. Nəticədə məhsul yerli bazarda yuxarı qiymətlə satışa çıxarılır. Qiymətlərin baha olması isə quru meyvə alıcılarının sayınının az olmasına səbəb olan əsas amillərdəndir.
Müsahiblərimizin də söylədiyi kimi əvvəllər regionlarda meyvə qurutma sexləri çoxluq təşkil edib. İndi isə belə müəssisələr barmaqla sayılacaq qədərdir. Qubanın Rustov kənd sakini Əhməd Tağıyev 30 ildən çoxdur ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Bu ilin əvvəllərində isə yeni meyvə qurutma sexi açıb.
Sutkada 10 ton məhsul istehsal etmək gücünə malik olan sexdə iş, əsasən, iyun ayından dekabr ayına qədər davam edir. Burada istehsal olunan meyvə quruları digər ölkələrdən gətirilən eyni adlı məhsullarla müqayisədə xeyli ucuz başa gəlir. Müəssisənin tikilib avadanlıqla təchiz edilməsinə isə 90 min manatdan yuxarı vəsait xərclənib.
Sahibkar onu da bildirir ki, güzəştli kreditlərdən yararlanaraq işini daha da genişləndirəcək. Hazırda Quba rayonunda 3 meyvə qurutma sexi fəaliyyət göstərir. Belə müəssisələr çox olduğu halda xaricdən idxal edilən quru meyvələr də azalacaq. Satışda yerli məhsulların olması isə qiymətlərin də enməsinə şərait yaradacaq.
Milli.Az