Azərbaycan, Bakı, 18 fevral /Trend, müxbir Azad Həsənli/
Azərbaycanda pensiyaçılar ölkədə fəaliyyət göstərən bankomatlardan komissiya ödəmədən pensiyalarını çıxarda biləcəklər. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev "Caspian European Club"un təşkil etdiyi biznes forum çərçivəsində deyib.
Ölkədə pensiya kartlarının emitenti Azərbaycan Beynəlxalq Bankı və "Kapitalbank"dır. Buna görə də pensiyaçılar yalnız onların bankomatlarından istifadə etməklə komissiya ödənişindən azad edilirlər.
Bununla əlaqədar, E. Mehdiyev qeyd edib ki, pensiyaların verilməsi zamanı bankomatlar qarşısında növbələr yaranır, çünki bir çox vətəndaş pensiyalar köçürülərkən onları əldə etməyə çalışır: "DSMF bu məsələnin nizamlanması üçün iki variantı nəzərdən keçirir. Bunlardan biri kart sahibləri üçün digər bankkarın bankomatlarında komissiyasız pensiya çıxarmaq imkanıdır. Bu halda komissiyanı DSMF ödəyəcək. İkinci variant isə nağdsız ödənişlər şəbəkəsinin genişləndirilməsidir".
Onun sözlərinə əsasən, ötən ilin əvvəlindən "Pensiya+" proqramına start verilib: "Proqram nağdsız ödəniş vasitələrindən istifadəni təşviq edir. Onlardan istifadə edənlər aylıq pensiya həcmində faizsiz kredit ala bilərlər. Bu, (yenilik) pensiyaçılar arasında nağdsız ödəniş mexanizminin təşviqinə yönəldilib".
Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az