Salyan, 18 fevral, AzərTAc
Fevralın 18-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Salyan Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Salyandakı Heydər Əliyev Mərkəzində “Yaşlı nəslin təcrübəsindən faydalanaq” layihəsi çərçivəsində tədbir keçirilib.
AzərTAc xəbər verir ki, tədbirdən əvvəl mövzu ilə bağlı film nümayiş olunub.
Yaşlı nəslə dövlətin həmişə böyük önəm verməsindən danışan dövlət komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova bu sahədə qazanılan müsbət nəticələri konkret faktlarla diqqətə çatdırıb. “Ağsaqqallarımız, ağbirçəklərimiz böyük məktəbdir və onlardan hər zaman faydalanmaq vacibdir”, - deyən natiq bildirib ki, belə tədbirlər məhz onların təcrübəsini təbliğ etmək məqsədi daşıyır.
Respublikada əhalinin, xüsusilə gənclərin yaşlılara hörmət ruhunda tərbiyə olunması, milli-mənəvi və ümumbəşəri dəyərlərin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi məqsədi ilə aparılan maarifləndirmə işi iştirakçılar tərəfindən təqdir olunub, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu sahədəki fəaliyyətinə yüksək qiymət verilib.
Müzakirələr zamanı bir sıra təkliflər səsləndirilib, iştirakçıların sualları cavablandırılıb.