A–
Berlin, 17 mart, AZƏRTAC
Avropa İttifaqı ilə Türkiyə arasında danışıqlar əvvəlcə planlaşdırılan müddətdən çox uzanır. Hamısı da ona görədir ki, Türkiyənin Baş naziri Əhməd Davudoğlu keçən həftə yeni, gözlənilməz təkliflərlə çıxış edib. Onun fikrincə, bu təkliflər miqrasiya böhranının həllinə kömək etməlidir. Baş nazir digər təkliflərlə yanaşı, israr edib ki, Avropa İttifaqı Türkiyəyə əvvəlcə vəd etdiyi üç milyard avrodan əlavə, daha üç milyard avro ayırsın, artıq bu il yaya qədər Türkiyə vətəndaşları üçün vizasız rejim tətbiq etsin və Ankaranın Avropa İttifaqına daxil olması barədə danışıqlara yeni təkan versin.
Türkiyə isə öz növbəsində, onun ərazisindən Yunanıstan adalarına keçmiş miqrantların istisnasız olaraq hamısını geriyə qəbul etməyi öhdəsinə götürür. Lakin bununla əlaqədar xərclər Aİ-nin üzərinə düşməlidir. Ankara həmçinin buna nail olmaq istəyir ki, Türkiyənin geri qəbul edəcəyi hər bir suriyalı qaçqın müqabilində Avropa İttifaqı Suriyadan gələnlərin birinin Aİ ərazisinə leqal şəkildə daxil olmasına icazə versin.
Avropa Demokratiyaya Dəstək Fondunun (EED) Aİ məsələləri və strateji kommunikasiyalar üzrə brüsselli ekspert Dəmir Murat Seyrək Türkiyənin bu təkliflərini tamamilə ağlabatan hesab edir. Bununla bərabər o etiraf edir ki, həmin təkliflərin reallaşdırılması asan olmayacaq. Görüşün nəticələrini bütövlükdə pozitiv qiymətləndirən Seyrək Aİ ölkələrindən olan sammit iştirakçılarının, xüsusən Almaniya kansleri Angela Merkelin bu təklifə müsbət münasibət bildirdiyini göstərir.
Ekspertin qənaəti belə olub: “Mənə belə gəlir ki, bu sammiti Türkiyənin gözlənilməz diplomatik uğuru adlandırmaq olar. Türkiyənin bu yeni təklifi Avropa İttifaqının üzvü olan ölkələrin nümayəndələri üçün çox gözlənilməz dönüş olub. Məhz bu səbəbdən, qərar qəbul edilməsi təxirə salınıb: Aİ üzvü olan ölkələrin dövlət və hökumət başçılarının bu imkanı öz aralarında müzakirə etmələri üçün vaxt lazımdır”.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
AZERTAG.AZ :Dəmir Murad Seyrək: Türkiyənin təklifləri tamamilə ağlabatandır