Bakı, 19 fevral, AzərTAc
Əvvəllər animasiya filmi uzun zamana başa gəlirdisə, indi texniki məsələlər həll olunub, müasir texnika alınıb. İl ərzində istehsal olunan animasiya filmlərinin sayını ən azı 5-ə çatdırmaq üçün bu il əlavə bir neçə nəfər mütəxəssis cəlb etmək fikrindəyik. Ötən il 3 film istehsal olunmuşdusa, bu il artıq 5 animasiya filmi çəkməyi qarşımıza məqsəd qoymuşuq.
AzərTAc xəbər verir ki, bu sözləri “Azanfilm” kinostudiyasının direktoru Fariz Əhmədov deyib.
Direktor qeyd edib ki, keçən ildən etibarən animasiya serialının istehsalına başlamışıq. Bu seriyadan olan birinci film – “Rənglər” tam hazırdır. Hazırda aprel ayınadək həmin silsilədən iki filmin istehsalını başa çatdırmaq istəyirik. Ümumiyyətlə, keçən ildən başlayaraq tədris filmlərinə üstünlük veririk. “Rənglər” animasiya filmində 9 rəng balaca tamaşaçılara çatdırılırdısa, hazırda istehsal olunan seriyalarda say öyrədiləcək. Builki layihələr içərisində əlifba və digər planlarımız da var ki, həmin filmlərin istehsal prosesi gedir.
Animasiya filmlərinin ssenariləri barədə danışan direktor vurğulayıb ki, ümumiyyətlə, layihələr təqdim edilir, maraqlı olanları seçilib istehsalata buraxılır. Bildirib ki, filmlərin istehsalına həm yaşlı, həm də gənc nəslin nümayəndəsi olan mütəxəssislər cəlb olunur.
Filmlərin nümayişinə gəlincə F.Əhmədov bildirib ki, istehsal etdikləri filmlər 7-10 dəqiqə olduğu üçün sırf televiziya kanalları və internet üçün nəzərdə tutulub.