A–
Bakı, 28 mart, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) idman-sağlamlıq klubunun və Fövqəladə Hallar Nazirliyi işçilərinin həmkarlar ittifaqı komitəsinin təşkilatçılığı ilə nazirliyin qurumları arasında çoxnövçülük idmanı üzrə çempionat keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Respublika Olimpiya Mərkəzində təşkil edilən çempionatda 16 komandadan 70-ə yaxın idmançı iştirak edib. Yüz və min metr məsafələrə qaçış, hündürlüyə, uzununa tullanma və yadro itələmə növlərində yarışan idmançılar həm şəxsi, həm də komanda hesabında mübarizə aparıblar.
Tofiq Əliyevin baş hakim olduğu çempionatda komanda hesabında birinci yeri Dövlət Yanğından Mühafizə, ikinci yeri Xüsusi Riskli Xilasetmə, üçüncü yeri isə Dövlət Sularda Xilasetmə xidmətlərinin komandaları tutub.
Şəxsi göstəricilərə görə Elnur Cəbrayılov (FHN-in Akademiyası), Rəşad Kəsəmənli (İdman-sağlamlıq klubu) və Rəmzi Cabbarov (Qarabağ Regional Mərkəzi) müvafiq olaraq birinci, ikinci və üçüncü yerlərə sahib olublar.
FHN-in idman-sağlamlıq klubunun rəisi, polkovnik Füzuli Musayev tədbirdə çıxış edərək budəfəki yarışlarda ötən illərlə müqayisədə yüksək nəticələr əldə olunduğunu diqqətə çatdırıb. O, apreldə stolüstü tennis üzrə çempionatın keçiriləcəyini qeyd edib.
Sonra FHN işçilərinin həmkarlar ittifaqı komitəsinin sədri Mehman İsmayılov qalib gələn idmançıları təbrik edib, onlara uğurlar arzulayıb.
Sonda qalib idmançılar diplom, kubok, medal və qiymətli hədiyyələrlə mükafatlandırılıb.
AZERTAG.AZ :FHN-in qurumları arasında çoxnövçülük idmanı üzrə çempionatın qalibləri mükafatlandırılıb
