Rusiyanın 21 yaşadək millisinin (U-21) və "Zenit"in II komandasının hücumçusu Ramil Şeydayev "Sovetski Sport"un əməkdaşı Gennadi Nikitova müsahibə verib.

Fanat.az xəbər verir ki, atası Azərbaycandan olan futbolçu oteldə verdiyi müsahibədə U-21 millimizlə oyundan və klub karyerasından danışıb. Nikitovun "Bizim "gənclər" yenə Azərbaycanı məğlub edə bilmədi. Nə baş verdi?" sualına Şeydayev belə cavab verib:

"İlk hissə alınmadı, az qol vəziyyətləri yaratdıq. Fasilədən sonra oyunumuzu düzəldə bildik. Ancaq "standard"lardan üzücü qollar buraxdıq. Bu da ümumilikdə bizim üçün fəlakət oldu, daha diqqətli olmaq lazım idi... Ümid edirəm ki, Almaniya ilə matçdan sonra bizim turnir cədvəlindəki vəziyyətimiz yaxşılaşacaq. Artıq xal itirmək olmaz".

Qeyd edək ki, o, icarədə olduğu "Rubin"də cəmi 1 matç keçirməsini baş məşqçi Rinat Bilyaletdinovun Valeri Çalı ilə əvəzlənməsi ilə əlaqələndirib. Ramil Şeydayev həmçinin onu da bildirib ki, yayda "Zenit"lə müqaviləsi başa çatır və Rusiyanı xaricdə təmsil etmək istəyir. (qaynar.info)

Fanat.az