A+
A–

Bakı, 30 mart, AZƏRTAC
Azərbaycan Dövlət Musiqili Teatrının gənc aktrisası Aydan Həsənova beynəlxalq müsabiqədə ölkəmizi təmsil edəcək.
Teatrın Mətbuat katibi Samir Sədaqətoğlu AZƏRTAC-a bildirib ki, söhbət may ayında Yekaterinburqda keçiriləcək SSRİ Xalq Artisti Vladimir Kuroçkin adına “Gənc operetta və muzikl artistlərinin” VI Beynəlxalq müsabiqəsindən gedir. Musiqili Teatrın aktrisası Aydan Həsənova bu mötəbər tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin maddi dəstəyi ilə iştirak edəcək.
Müsabiqə mayın 16-dan 21-dək Rusiyanın Yekaterinburq şəhərində Sverdlovsk Dövlət Akademik Musiqili Komediya Teatrında keçiriləcək. Aydan Həsənova müsabiqədə Ü.Hacıbəylinin “Arşın mal alan” operettasından Gülçöhrənin ariyasını, İ.Dunayevskinin “Azad külək” operettasından Pepitanın mahnısını və F.Leqarın “Sirkin şahzadəsi” operettasından Teadoranın ariyasını ifa edəcək.
Qeyd edək ki, müsabiqə Rusiya Federasiyası Mədəniyyət Nazirliyi, Rusiya Teatr Xadimləri İttifaqı, Musiqili Teatrların Beynəlxalq Assosiasiyası, “Qerard Vasilyev adına operetta janrının qorunub saxlanması və inkişafı Fondu”, Sverdlovsk Vilayət Mədəniyyət Nazirliyi və Sverdlovsk Vilayət Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə baş tutacaq.
Operetta və muzikl çərçivəsində “Vokal və səhnə sənəti” nominasiyasında keçiriləcək müsabiqədə Rusiyadan və xarici ölkələrdən 35 yaşa qədər olan gənclər iştirak edəcəklər.
AZERTAG.AZ :Musiqili Teatrın aktrisası beynəlxalq müsabiqədə iştirak edəcək