Azərbaycanın bütün səhiyyə müəssisələrində “Diridoğulmanın beynəlxalq meyarları”nın tətbiqinə başlanıb

11:07 2 Yanvar 2015
75 Digər
Ölkə mətbuatı
A- A+

[ 02 Yanvar 2015 11:04 ]

Bakı. Könül Kamilqızı – APA. 2015-ci il yanvarın 1-dən Azərbaycanın bütün səhiyyə müəssisələrində Dünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi “Diridoğulmanın beynəlxalq meyarları”nın tətbiqinə başlanıb. APA-nın xəbərinə görə, yeni meyarlar Nazirlər Kabinetinin “Diridoğulmanın beynəlxalq meyarları”nın tətbiq edilməsi haqqında qərarda öz əksini tapıb. Səhiyyə Nazirliyinin təklifini nəzərə alaraq Nazirlər Kabineti qərara alıb ki, tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq Azərbaycanın bütün səhiyyə müəssisələrində 2015-ci il yanvarın 1-dən Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi "Diridoğulmanın beynəlxalq meyarları" tətbiq edilsin.

 

Azərbaycanda mövcud olan əvvəlki meyarlara görə, hamiləliyin 28-ci həftəsindən tez doğulan körpələr “uşaq” adlandırılmırdı, onlara “gecikmiş düşük” deyilirdi. Əvvəlki meyarlara görə, hamiləliyin 28-ci həftəsində doğulan, çəkisi 1 kq-dan çox olan və həyat əlamətləri görünən körpələr "diridoğulmuş uşaq” hesab edilirdi.  Yeni meyarlar əsasında isə bu müddət 28 deyil, 22 həftə müəyyən edilib. Artıq hamiləliyin 22-ci həftəsindən tez olmayaraq doğulan körpənin bədən çəkisi 500 qramdan çoxdursa və onda hər hansı həyat əlaməti - ürək döyüntüsü, nəfəs alma, yaxud əzələlərin hərəkəti müşahidə edilirsə, o, diridoğulmuş uşaq sayılır və tibb işçiləri tərəfindən ona lazımi yardım göstərilir.

 

Qeyd edək ki, vaxtından əvvəl doğuşların tezliyi inkişaf etmiş ölkələrdə 6-12 faiz arasında dəyişir. İnkişaf etməkdə olan ölkələrdə isə bu rəqəm daha böyükdür. Vaxtından əvvəl doğuşların təxminən 40 faizi hamiləliyin 34-cü həftəsinə qədər, 20 faizi isə 32-ci həftəsinə qədər baş verir. Neonatal itkilərin 65 faizinin, uşaq yaşlarında nevroloji pozğunluqların 50 faizinin səbəbi vaxtından əvvəl doğuşlardır. Vaxtından əvvəl baş verən doğuşların 80 faizi özbaşına baş verən doğuşlardır. Hamiləliyin 32-ci həftəsinə qədər olan doğuşlar (bütün doğuşların 2 faizi) neonatal xəstəliklərin və neonatal ölümlərin əsas səbəblərindən sayılır.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367858

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR