Bakı. 2 aprel. REPORT.AZ/ Rabitə və Yüksək Texnologiyalar Nazirliyində yaradılan Apelyasiya Şurasının növbəti iclası keçirilib. “Report” Nazirliyə istinadən bildirir ki, iclasda Apelyasiya Şuralarının fəaliyyətinə həsr olunan ümumrespublika seminar-müşavirəsində səsləndirilən fikirlər, verilən tapşırıq və tövsiyələr bir daha Şura üzvlərinin diqqətinə çatdırılıb.
Daha sonra “Azərbaycan Respublikasının Prezidenti yanında Apelyasiya Şurasında şikayətlərə baxılmasına dair Təlimat”a və “Azərbaycan Respublikasının Prezidenti yanında Apelyasiya Şurası ilə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının Apelyasiya Şuralarının qarşılıqlı fəaliyyətinə dair Metodiki Təlimat”a uyğun olaraq hazırlanan “Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Apelyasiya Şurasında şikayətlərə baxılmasına dair Təlimat”la bağlı Şura üzvlərinin verdiyi təkliflər müzakirə edilib.
Şuraya artıq sahibkarlardan müraciətlərin daxil olduğu da diqqətə çatdırılaraq, şikayətlərlə əlaqədar araşdırmaların hərtərəfli, dəqiq və obyektiv aparılmasına dair müvafiq tapşırıq və tövsiyələr verilib.