Avstraliyanın şərq sahillərinə son 400 ilin ən güclü qasırğası yaxınlaşır

Avstraliyanın şərq sahillərinə son 400 ilin ən güclü qasırğası yaxınlaşır
08:38 20 Fevral 2015
66 Dünya
Ölkə mətbuatı
A- A+


Kanberra, 20 fevral, AzərTAc 
Avstraliyanın Kvinslend ştatının sakinləri son dörd əsrin ən güclü qasırğası olacaq “Marşa” siklonunu qarşılamağa hazırlaşırlar.
Fevralın 18-də birinci (aşağı) kateqoriya hesab olunan qasırğa Avstraliya materikinin şərq sahillərinə yaxınlaşdıqca güc toplayaraq, bir neçə saat əvvəl ən yüksək hədd hesab olunan beşinci kateqoriya səviyyəsinə çatıb. Hazırda qasırğanın episentrinin yaxınlığında küləyin sürəti saatda 285 kilometrə çatır.
“Marşa”nın Şoluoter körfəzi rayonunda sahilə çıxacağı gözlənilir. Bu rayonda təbii qoruq, ondan 150 kilometr şimalda 75 min əhalisi olan Makkay, 100 kilometr cənubda isə 16 min əhaliyə malik Yeppun şəhərləri yerləşir.
Kvinslendin hakimiyyət orqanları əhalini yaxınlaşan təhlükə barədə xəbərdar edərək lazımi hazırlıq tədbirləri görüblər. Fevralın 19-da ştatın şimal sahillərində yerləşən yaşayış məntəqələrində xüsusi sığınacaqlar fəaliyyətə başlayıb. Əhalinin əksəriyyəti öz evlərini tərk edərək, təhlükədən uzaq olmaq üçün bu sığınacaqlara üz tutub. Qasırğanın yalnız özü deyil, eyni zamanda yarada biləcəyi daşqınlar daha çox təhlükəli hesab olunur.
Bununla bərabər, yerli vaxtla gecə saat 2 radələrində “Lem” qasırğası Elko adası yaxınlığında Avstraliyanın şimal sahillərini vurub. Burada yerli aborigenlərin bir neçə yaşayış məntəqəsi yerləşir. Sakinlərin bir hissəsi 550 kilometr məsafədə yerləşən Darvin şəhərinə təxliyə olunub, digər hissəsi isə sığınacaqlarda yerləşdirlib. “Lem” qasırğası gücünə görə dördüncü kateqoriyaya daxil edilib və onun episentrinin yaxınlığında küləyin sürəti saatda 240 kilometrə çatır. Son məlumatlara görə, tələfat yoxdur. Lakin daha dəqiq məlumat qasırğa materikin dərinliklərinə daxil olaraq gücünü itirdikdən sonra bəlli olacaq.

Vüqar Ağayev
AzərTAc-ın xüsusi müxbiri
Kanberra

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Avstraliyanin_serq_sahillerine_son_400_ilin_en_guclu_qasirgasi_yaxinlasir-833567

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR