A+
A

Lənkəran, 4 aprel, Bağır Əliyev, AZƏRTAC
Son günlər cəbhə bölgəsində erməni silahlı birləşmələrinin təxribat əməllərinə Azərbaycan Ordusunun layiqincə cavab verməsini, düşmənin canlı qüvvəsi və hərbi texnikasının darmadağın edilməsini, Təhlükəsizlik Şurasının toplantısında Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin çıxışını ölkəmizin hər yerində olduğu kimi, lənkəranlılar da böyük sevinclə qarşılayıblar.
AZƏRTAC xəbər verir ki, bu fikirlər aprelin 4-də Lənkəran Şəhər Mədəniyyət Mərkəzində şəhər icra hakimiyyətinin, hüquq mühafizə orqanlarının rəhbər işçilərinin, qeyri-hökumət təşkilatlarının, siyasi partiyaların, media təmsilçilərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi ümumrayon toplantısında səsləndirilib.
Toplantıda torpaqlarımız uğrunda həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov bildirib ki, Azərbaycan Ordusu cəbhə bölgəsində erməni hərbi birləşmələrinin təxribat əməllərinə güclü zərbə ilə cavab verərək, düşməni sarsıdıcı məğlubiyyətə uğradıb. İşğal olunmuş bir neçə yaşayış məntəqəsi və yüksəklik azad olunub.
Düşmənin yüzdən çox canlı qüvvəsinin və hərbi texnikasının məhv edildiyini bildirən T.Qaraşov Milli Ordumuzun 12 əsgərinin də qəhrəmancasına şəhid olduğunu diqqətə çatdırıb.
İcra hakimiyyətinin başçısı cəbhə bölgəsində Azərbaycan əsgərlərinin qəhrəmanlığını xalqımızın böyük sevinclə qarşıladığını vurğulayaraq, yaxın vaxtlarda düşmən tapdağı altında qalan torpaqlarımızın tamamilə azad olunacağına, qaçqın və məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıdacaqlarına əminliyini ifadə edib.
Çıxış edənlər hər an Ali Baş Komandanın əmri ilə Vətən yolunda canlarından keçməyə hazır olduqlarını qeyd edərək, bütün dünya azərbaycanlılarını Prezident İlham Əliyevin ətrafında sıx birləşməyə, dünya ictimaiyyətini isə Azərbaycan xalqına qarşı törədilən ədalətsizliklərə göz yummamağa çağırıblar.
AZERTAG.AZ :Milli Ordumuzun uğurları lənkəranlılarda böyük ruh yüksəkliyi yaradıb
Milli Ordumuzun uğurları lənkəranlılarda böyük ruh yüksəkliyi yaradıb