A–
Bakı, 4 aprel AZƏRTAC
Uşaqlıq boynu xərçəngi qadınların reproduktiv funksiyalarına və həyatına ciddi təhlükə törədir.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə verdiyi müsahibədə Rusiya Genital infeksiyalar və neoplaziya üzrə Assosiasiyasının prezidenti, professor Svetlana Roqovskaya bildirib.
Rusiyalı alim qeyd edib ki, uşaqlıq boynunun xərçəngi bir çox ölkələrin səhiyyələri üçün kəskin problemdir. Bu sahədə tədqiqatlar davam edir, yeni həkim praktikaları tətbiq olunur, insanın papilloma virusunun yayılmasının dinamikasının və uşaqlıq boyunu xərçəngi hallarının sayca azaldılması məqsədi ilə tövsiyələr və önləyici strategiyalar həyata keçirilir.
S.Roqovsakaya bildirib ki, Bakıdakı Milli Onkologiya Mərkəz ən müasir tibbi texnika, o cümlədən mobil diaqnostik komplekslə təchiz olunub. Bu mənada zəngin maddi-texniki bazaya və güclü kadr potensialına malik Milli Onkologiya Mərkəzini dünyanın ən aparıcı onkoloji mərkəzləri ilə müqayisə etmək olar.
S.Roqovsakaya həmçinin mərkəz əməkdaşlarının yüksək peşəkarlığını da qeyd edib. Rusiyalı alim deyib: “Azərbaycanlı mütəxəssislər geniş elmi araşdırmalar aparırlar. Bu tədqiqatlar onkoloji xidmətin strukturunun təşkilinə, bədxassəli şişlərin ilkin diaqnostikasının və onkoloji xəstələrin müasir cərrahi, şüa və dərman müalicəsinin aparılmasına, müalicə metodlarının təkmilləşdirilməsinə istiqamətlənib”.
AZERTAG.AZ :Svetlana Roqovskaya: Uşaqlıq boynu xərçəngi qadınların səhhəti üçün ciddi təhlükədir