Space TV-də yayımlanan "Sevimli mahnı" verilişinin aparıcısı Mikayıl Güləddinoğlu verilişdə ritmik mahnı səsləndirdiyinə görə tənqid olunub.

M.Güləddinoğlu onu qınayanlara üzünü tutub.

Milli.Az big.az-a istinadən xəbər verir ki, açıqlama verən M.Güləddinoğlu bildirib ki, ritmik də olsa verilişdə Qarabağa aid mahnılar səsləndirilib:

""Bayatı - Şiraz"la başladıq və veriliş boyu vətənpərvər mahnılar səsləndirdik. "Azərbaycan oğluyam", "Boyuna qurban, ay Vətən oğlu" mahnısını oxudular. Burada hansı çal-çağırdan söhbət gedə bilər ki? Tamaşaçıların vətənpərvər mahnılara əl çalması günahdırmı? Mən bilmirəm bu sosial şəbəkə istifadəçiləri məndən nə istəyir... Bunlar məndə nə görüblər axı? Baxsınlar başqa kanallara, həmin kanallarda da o mahnılar səsləndirilib. Eyni mahnılardır da. Əl çəkin məndən! Özüm Qubadlı oğluyam, nəslim-köküm Qubadlıdandır. Füzulidə hərbi xidmətdə olmuşam, Alxanlı kəndində erməni ilə üz-üzə əsgərlik çəkmişəm. Sosial şəbəkə istifadəçiləri bilib-bilmədən ağıllarına gələni yazırlar. Ay qulağı sırğalı gədələr, bir gəlin mənimlə üz-üzə dayanın görün mən kiməm. Siz sosial şəbəkələrdə oyun oynayanda mən Füzulidə düşmənlə üz-üzə baxırdım. Uşaq deyiləm axı, məni niyə ortaya qoyursunuz?"

Aparıcı bildirib ki, "Sevimli şou" verilişini bağlatdırdılar, amma hələ də sakitləşmirlər:

"Bundan əvvəl "Sevimli şou"nun əlayehinə yazdılar, bağlatdırdılar, guya nə dəyişdi? Mikayıl "Sevimli şou"dan çıxdı nə dəyişdi, başqa verilişlə yenidən qayıtdım. Mikayıl nə edirdi ki, orada? Kimisə söyürdümü, yoxsa əxlaqsız hərəkətmi edirdim? Sosial şəbəkə istifadəçiləri bilmirlər nə yazırlar".

Qeyd edək ki, aparıcı M.Güləddinoğlu müğənniləri başına yığaraq ritmik mahnılar səsləndirib. Bütün bunlar sosial şəbəkə istifadəçiləri tərəfindən xoş qarşılanmayıb. Millət ayağa qalxıb. "Space" telekanalının bu məsuliyyətsizliyi, şəhid analarını, bacılarını, ailələrini nəzərə almaması tənqid olunub.

Milli.Az