Respublika Humanitar Fənlər Gimnaziyasında ibtidai siniflərə qəbul dayandırılacaq

14:42 20 Fevral 2015
223 Digər
Ölkə mətbuatı
A- A+

[ 20 Fevral 2015 14:37 ]

Şagird ibtidai sinifdə oxuyursa, o, təhsilini davam etdirəcək və heç bir uşaq məktəbdən ayrılmayacaq

Bakı. Könül Kamilqızı – APA. Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında xüsusi istedadlı uşaqların təhsilinin təşkili ilə bağlı strukturda dəyişiklik aparılıb. Təhsil Nazirliyinin Təhsilin inkişaf proqramları şöbəsinin müdir müavini Emin Əmrullayev  APA-ya açıqlamasında deyib ki, bu gün gimnaziyada yaranan narazılıqla əlaqədar həmin təhsil müəssisəsində görüş keçirilib. Onun sözlərinə görə, görüş zamanı məlum olub ki, müəllimlərə və valideynlərə informasiya düzgün çatdırılmayıb:

 

“Məsələ bundan ibarətdir ki, təhsil müəssisəsi gimnaziya-lisey olduğu üçün növbəti tədris ilindən oraya I sinfə qəbul dayandırılır və şagirdlər daha yuxarı sinifdən qəbul ediləcək. Müəllimlər də qanunvericiliyə uyğun şəkildə işlə təmin olunacaq. Bu, hər hansı vətəndaşın hüququnu məhdudlaşdırmır. Məktəbin bağlanmasından söhbət getmir. Hər il tədricən I sinfə qəbul aparılmamaqla ibtidai siniflərə qəbul dayandırılacaq. Çünki aşağı sinifdən istedadı təyin etmək çox çətindir. 6 yaşlı uşaqda müəyyən etmək olmur ki, o, istedadlıdır, ya yox. Amma liseyə yuxarı sinifdən hansı siniflər üzrə qəbulun aparılacağı hələlik məlum deyil. Bu proses V və ya VII sinif ola bilər. Bununla əlaqədar pedaqoji kollektivlər danışıqlar aparmaq lazımdır”.

 

Nazirlik rəsmisi qeyd edib ki, bu işlər gimnaziya-lisey tipli məktəblərin bir neçəsində istedadı daha yuxarı sinifdə təyin etməklə bağlı həyata keçirilən islahatdır. Onun sözlərinə görə, bugünkü hadisə ilə bağlı vəziyyət ondan ibarətdir ki, proses valideynlərdə və müəllimlərdə müəyyən mənada düzgün başa düşülməyib. E.Əmrullayev əlavə edib ki, əgər şagird ibtidai sinifdə oxuyursa, o, təhsilini davam etdirəcək: “Heç bir uşaq məktəbdən ayrılmır. Sadəcə olaraq orada 4 nəfər müəllim var ki, bu il IV sinifdə dərs deyir və gələn il I sinfə dərs deyəcəkdi. Həmin müəllimlər də gələn il müvafiq qaydada işlə təmin olunacaq. Orada belə bir təfəkkür formalaşıb ki, ibtidai siniflər bağlanır. Əslində ibtidai sinif bağlanmır, sadəcə I sinifdən başlayaraq tədricən ibtidai siniflərə şagird qəbul edilməyəcək. Oxuyan uşaqlar təhsillərini davam etdirəcəklər.  Bugünkü mərhələ ondan ibarətdir ki, bunu normal şəkildə həyata keçirib hər hansı bir vətəndaşın vəziyyətini pisləşdirmədən prosesi həll edək”.

 

Şöbə müdirinin müavini vurğulayıb ki, belə hallar digər lisey-gimnaziya təmayüllü məktəblərin bəzilərində tətbiq olunur. Onun sözlərinə görə, kimya-biologiya təmayüllü liseydə, fizika-riyaziyyat təmayüllü liseydə qəbul daha yüksək siniflərdə aparılır. Bu məktəbin də öz formatına və konsepsiyasına görə həmin məktəblərə yaxın olduğunu deyən E.Əmrullayev əlavə edib ki, yataqxanası olan respublika tabeli liseyə qəbul nəzəri olaraq yuxarı siniflərdən aparılmalıdır. Aşağı siniflərə qəbulu aparılması müəyyən mənada düzgün deyil.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373505

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR