AXCP-dən istefa verən Razi Nurullayev: "Partiyada hökm sürən diktatura özünü göstərdi"

16:43 20 Fevral 2015
37 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 20 fevral /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini postundan uzaqlaşdırılan Razi Nurullayev partiyadan istefa verdiyini bəyan edib.

Trend-in məlumatına görə, R.Nurullayev facebook səhifəsində yazıb ki, istefa verməsinə səbəb Əli Kərimli ilə arasında Himalay dağı boyda uçurumun olmasıdır: "Bu uçurumu doldurmaq üçün partiyaya qoşulduğum zamandan çalışdım. AXCP-yə qoşulmamış Əli Kərimlini başqa cür tanıyırdım. Amma, daha yaxın olduqca, gümanlarımın məni aldatmış olduğunu gördüm".

Onun sözlərinə görə, bu gün bir daha AXCP-də hökm sürən diktatura özünü göstərdi: "İllərlə demokratiya uğrunda yorulmadan mübarizə aparmağımıza rəğmən AXCP sədri Əli Kərimlinin avtoritar düşüncəsi, nəniki cəmiyyətin digər kəsiminə, iqtidara və ya digər müxalif qüvvələrə deyil, hətta öz partiyadaşlarına belə qısqanclığı, fikir müxtəlifliyinə dözümsüzlüyü, aqressiyası, bizə demokratiya uğrunda səmimi mübarizəmizi əngəlləyirdi və yenə əngəlləməkdə davam edir".

R.Nurullayev partiyadan getməsinin səbəbini Əli Kərimlinin AXCP-də daxili avtoritarizm yaratması ilə izah edib: "Partiyada heç bir daxili demokratiya yoxdur. Partiyada azad söz də yoxdur. Təəssüf edirəm ki, Əli bəyin tənqidə və fərqli fikirə də dözümü yoxdur. Partiya dediyimiz bir səhmdar təşkilat kimi qurumdur. Hər bir cəbhəçi onun səhmdarıdır. Razıyam ki, birinin bir, o birinin iki, bəzilərinin isə 100 səhmi ola bilər. Amma, 20 ildir ki, insanların səhmi əlində yanıb. Onlar bu səhmlərdən xeyir götürə bilməyiblər. Bütün səhmlər Əli Kərimliyə xidmət edib və etməkdədir. Biz niyə cəbhəçinin başının altına hər dəfə yasdiq qoymalıyıq ki, gəlirik? Axı necə gəlirik, niyə cəbhəçilərə yalan söyləməkdə davam edirik? Bunu qarşı oldum. Mən səhmimdən istifadə etmək istədim, səhmdar hüququmdan istifadə edib, dəyişiklik gətirmək istədim. Buna təhamül edəmədi. Səhmdar var, səhmlər yox dedi".


Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2366546.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR