Elnuru təhqir etdi

Elnuru təhqir etdi
16:56 20 Fevral 2015
275 Şou
Ölkə mətbuatı
A- A+

Türkiyənin TV8 kanalında yayımlanan "O səs Türkiyə" yarışmasında Azərbaycandan Elnur Hüseynovun birinci olması Türkiyə mətbuatında birmənalı qarşılanmayıb.

Axşam.az-ın məlumatına görə, "Radikal" qəzetinin yazarı Bülent Eriş-in köşəsi kəskinliyi ilə seçilir və sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

«Keçmişdə köpək Max, bu gün Azəri Elnur» – müəllif yazısına belə bir başlıq qoyub və Elnurun qələbəsini «Yetenek» adlı yarışmada birinci olmuş Max adlı itlə müqayisə edir.

«Max-ın birinci olduğu yarışmada, xatırlayırsınızsa, müxtəlif sahələr üzrə yarışmaçılar vardı: ifaçılar, jonqlyorlar, akrobatlar, idmançılar, rəqs qrupları, barmen, rəssam və başqaları. Belə çıxır ki, heç biri bir itdən daha bacarıqlı deyildi» – yazan müəllif bunu ölkəsi adına faciə adlandırır və daha sonra «O səs Türkiyə» ilə bağlı yazır:

«Elnur yaxşı, gözəl səsdir, güclüdür, amma mənə nə? Onun qalib olmasının bu torpağa faydası nədir ki, mən onu qəbul edim? Onu birinci edən, SMS atan yüz minlərlə insanı anlaya bilmirəm. Mənə görə baş verənlər Türkiyə musiqisi üçün utanc günü olaraq qəbul edilməlidir».

Bülent Eriş müsabiqənin formatını da tənqid edib. Bildirib ki, bu yarışmada Türkiyədən olmayan ifaçı da iştirak edəcəksə, nəyə görə adı «O səs Türkiyə»dir.

Müəllif Elnur Hüseynovun qalib seçilməsində Ebru Gündeş və həyat yoldaşı Rza Zərrab-ın da rolunu istisna etməyib. Yazıda yer alan daha bir ehtimal isə Elnuru birinci edən milyonlarla dollar dəyərində SMS-lərin bir nömrədən göndərilməsidir.

«AZƏRBAYCANLI OLMASINA BAXMAYARAQ....»

«Hürriyet» qəzetinin internet səhifəsindəki «Yazarkafe» bloqlar məcmusunda Elnur Hüseynovun qələbəsi alqışlanır, amma onun peşəkar sənətçi olmadığı vurğulanır.

Müəllif Elnurun türkcə qüsurlu danışmasından da yazır:

«Görəsən, onun üçün hazırlanacaq albomda hansı tərzdə mahnılar oxuyacaq? Azərbaycanlı olmasına baxmayaraq, türkcə tələffüz edə bilmir. Xarici dildə mahnılardan ibarət albom hazırlansa, nə qədər uğurlu olar?» – deyə müəllif sual edir.

TƏSADÜFLƏR...

MedyaRadar-da isə Elnurun «O səs Türkiyə»yə qatılmasında «təsadüflər»dən bəhs olunur.

Müəllif yazır:

«Elnur 2008-ci ildə ölkəsini «Eurovision» yarışmasında təmsil edən iki ifaçıdan biridir. Belə bir ifaçının Türkiyədə həvəskarların qatıldığı yarışmada nə işi var? Xatırlamaq çətin deyil, ötən il həbs olunan İran azərbaycanlısı və yarışmada jüri üzvü Ebru Gündeş-in həyat yoldaşı Rıza Sarrab... Və bu da bir təsadüfdür ki, Elnur da azərbaycanlıdır və dörd jüri üzvündən məhz Ebru Gündeş-i seçib».

Müəllif sual edir:

«Bu təsadüflər həddən artıq çox deyil ki? Elnur «O səs Türkiyə»nin qalibi oldu, daha sonra albom hazırlanacaq və s. Ortada bir PR çalışması var demirəm, amma inandırıcı olmaq zorundadırlar!».

Elnur Hüseynov 2014-cü ildən Türkiyənin TV8 telekanalında yayımlanan «O səs Türkiyə»nin xalq səsverməsi nəticəsində qalibi olub.

Müğənni Aşqabadda doğulub, 27 yaşı var. 1992-ci ildə konservatoriyada piano təhsili alıb. 2003-cü ildə «Sing your Song» müsabiqəsinin qalibi olub. 2008-ci ildə Samir Cavadzadə ilə birgə Azərbaycanı «Eurovision» mahnı yarışmasında təmsil edib və 8-ci yeri tutub.

Azadliq.org


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=26839

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR