A+
A–

Bakı, 15 aprel, AZƏRTAC
Bu gün Bakı vaxtı ilə saat 21:00-da CBC telekanalında “Həyat naminə” adlı sənədli film-təhqiqat ilk dəfə nümayiş etdiriləcək. Film sonuncu Sovet İttifaqı Qəhrəmanı, SSRİ Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının leytenantı, Azərbaycanın dinc əhalisini erməni silahlıları tərəfindən məhv olunmaqdan öz həyatı bahasına xilas etmiş Oleq Babakın igidliyinin 25-illiyinə həsr edilib.
1991-ci il aprelin 7-də Qubadlı rayonunun Yuxarı Cibikli kəndinə Ermənistanın Gorus və Qafan rayonları tərəfdən növbəti hücum zamanı 24 yaşlı zabit Oleq Babakın komandir olduğu vzvod erməni işğalçıları ilə qeyri-bərabər döyüşə atıldı.
Leytenent Babak Azərbaycan kəndinin dinc əhalisinin geri çəkilməsinə kömək məqsədi ilə təxminən iki saat ərzində azğın erməni silahlılarının hücumlarına dəf edib, təxminən 30 terrorçunu döyüş meydanında məhv edib. Təəssüf ki, banditlər bu cəsur zabiti mühasirəyə ala bilib və kürəyində açılan atəşlə öldürüblər.
CBC telekanalının yaradıcı qrupu həmin döyüşün şahidləri və iştirakçıları ilə Ukraynada və Rusiyada keçirilən görüşlərdə bu və digər faktları toplayaraq “Həyat naminə” sənədli film-təhqiqatda təqdim edir.
AZERTAG.AZ :CBC telekanalında “Həyat naminə” adlı film-təhqiqat göstəriləcək