Azərbaycanın Qırğızıstandakı səfirliyi Xocalı soyqırımının tanınması istiqamətində iş aparır

Azərbaycanın Qırğızıstandakı səfirliyi Xocalı soyqırımının tanınması istiqamətində iş aparır
15:18 21 Fevral 2015
115 Ölkə
Ölkə mətbuatı
A- A+


Bişkek, 21 fevral, AzərTAc
Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov bu ölkənin parlamenti - Joqorku Keneş sədrinin müavini Asiya Sasıkbayeva ilə görüşüb.
Görüşdə Asiya Sasıkbayeva Azərbaycan və qırğız xalqlarının qardaş xalqlar olduğunu bildirib, ölkəmizin son illərdəki nailiyyətləri ilə fəxr etdiklərini söyləyib. O, son vaxtlar Azərbaycan və Qırğızıstan arasında əlaqələrin genişləndiyini, lakin əməkdaşlığın daha da inkişafı üçün böyük potensialın olduğunu söyləyib və bundan istifadə edilməsinin önəmini qeyd edib. A.Sasıkbayeva Qırğızıstanın əlaqələrin inkişafında, xüsusilə iqtisadi sahədə birgə layihələrin həyata keçirilməsində maraqlı olduğunu bildirib.
Parlament sədrinin müavini 2014-cü ildə ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi üçün bir sıra tədbirlərin həyata keçirildiyini qeyd edib. Bildirib ki, Kant şəhərində küçələrdən birinə Azərbaycan və Qırğızıstan xalqlarının dostluq əlaqələrinin möhkəmləndirilməsində misilsiz xidmətləri olan ulu öndər Heydər Əliyevin adı verilib, Azərbaycanda Qırğızıstanın səfirliyi açılıb, parlamentlər arasında əlaqələr inkişaf edir.
H.Orucov ölkələrimiz arasında müxtəlif istiqamətli investisiya layihələrinin hazırlandığını bildirib. O, son bir neçə il ərzində iki ölkə arasında iqtisadi əlaqələrin genişləndiyini, ticarət dövriyyəsinin artdığını qeyd edib. Buna baxmayaraq bu göstəricilərin Azərbaycanın və Qırğızıstanın real iqtisadi potensialına uyğun olmadığını bildirib.
Səfir qeyd edib ki, son vaxtlar bütün sahələrdə, xüsusilə humanitar sahədə əməkdaşlıq uğurla inkişaf edir. Son iki il ərzində həm Bişkekdə, həm də Bakıda çoxlu mühüm tədbirlər keçirilib, Azərbaycan həqiqətlərinin Qırğızıstanda və bu ölkənin Azərbaycanda təbliği sahəsində işlər görülüb.
Görüşdə səfir Xocalı faciəsi haqqında da məlumat verib. Xocalı soyqırımının Qırğızıstan tərəfdən tanınması ilə bağlı fikir mübadiləsi aparılıb. Səfir qeyd edib ki, dünyanın bir sıra ölkələri, ABŞ–ın 10-dan artıq ştatı, İslam Əməkdaşlıq Təşkilatı bu soyqırımını tanıyıb. O, ümid etdiyini bildirib ki, birgə səylər nəticəsində yaxın gələcəkdə qardaş Qırğızıstan parlamenti Xocalı soyqırımının tanınması istiqamətində mühüm addımlar atacaq.
Görüşdə hər iki tərəfi maraqlandıran bir sıra digər məsələlər də müzakirə edilib.
Qulu Kəngərli
AzərTAc-ın xüsusi müxbiri
Bişkek


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanin_Qirgizistandaki_sefirliyi_Xocali_soyqiriminin_taninmasi_istiqametinde_is_aparir-833937

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR