A+
A

Bakı, 21 aprel, AZƏRTAC
Aprelin 16-da Aralıq dənizinin Liviya və İtaliya arasındakı sahəsində baş verən gəmi qəzasında həlak olanların sayı 500 nəfərə çata bilər.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, bu barədə BMT-nin ali komissarının qaçqınların işi üzrə idarəsinin nümayəndəsi Vilyam Şpindler bildirib. O deyib: “Qəza zamanı gəminin göyərtəsində nə qədər insanın olduğu dəqiq məlum deyil. Dindirilən şahidlər onların 500-dən çox olduğunu iddia edirlər. Son həftələr Liviyadan İtaliyaya keçmək istəyən insanların sayının kəskin şəkildə artdığını görür və bundan ehtiyat edirik. Belə ki, bu, dənizi keçmək üçün əlverişli mövsümün hələ başlanğıcıdır. Havaların yaxşılaşması ilə Aralıq dənizini keçməyə daha çox insan cəhd edəcək”.
Son günlər Liviya hökuməti Somali, Efiopiya, Misir və Sudandan gələrək yaxşı həyat ardınca təhlükəli Avropa səyahətinə çıxmağa hazırlaşan xeyli sayda insanı saxlamağa müvəffəq olub. Onlar avtobuslara doldurularaq yaşadıqları ölkələrə deportasiya edilib.

AZERTAG.AZ :Liviya sahilləri yaxınlığında 500-dək qaçqın batıb