A–
Tokio, 21 aprel, AZƏRTAC.
Yaponiya hökumətinin rəsmi nümayəndələri və hakim partiyaların liderləri Trans-Sakit okean Tərəfdaşlığı (TPP) çərçivəsində azad ticarət barədə razılaşmanın bəyənilməsi haqda qanun layihəsinin parlamentin gələn sessiyasınadək təxirə salınması barədə qərar qəbul ediblər.
Hakim koalisiyaya daxil olan partiyalar əvvəlcə parlamentin iyunun 1-də başa çatacaq sessiyası dövründə müvafiq qanun layihəsini bəyənməyi planlaşdırırdılar. Lakin Yaponiyanın cənub-qərbində baş verən güclü zəlzələyə görə parlamentin aşağı palatasının müvafiq komitəsində debatlar təxirə salınıb. Həmin qanun layihələri aprelin sonunadək aşağı palatada müzakirəyə çıxarılmayacaq.
Yaranmış vəziyyəti nəzərə alan hökumət rəsmiləri və hakim koalisiyanın üzvləri qanun layihələri ilə əlaqədar səsverməni parlamentin növbəti sessiyasınadək təxirə salmağı qərara alıblar. Bildirilir ki, parlamentin yuxarı palatasına yayda keçirilməsi nəzərdə tutulan seçkilərə görə də cari sessiyanı həddindən artıq uzatmaq məqsədəuyğun deyil.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
AZERTAG.AZ :Yaponiya hökuməti TPP üzrə razılaşma barədə səsverməni parlamentin gələn sessiyasınadək təxirə salıb